
Dünən Bakıda daha bir mötəbər turnir start götürdü. Belə ki, Rio olimpiadasına lisenziya verən cüdo üzrə Böyük Dəbilqə (Grand Slam) turniri başladı. Çox təəssüf ki, turnirin ilk günü bizim üçün uğursuz başladı.
Qaynarinfo.az xəbər verir ki, kişilərdə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov, İlqar Müşkiyev, Vüqar Şirinli və Elbrus Zamanov vaxtından əvvəl turnirlə vidalaşıb. 66 kq-da İsgəndər Talışinski, Famil Məmmədzadə və Orxan Əsgərzadə də eyni aqibətlə üzləşib. 48 kq qızlarda Aişə Qurbanlı və Şəfəq Məmmədovaya da uğur qismət olmayıb. Yalnız 66 kq çəki dərəcəsində Tərlan Kərimov bürünc medallar uğrunda mübarizədə belçikalı Kennet van Qansbekedən üstün olub.
Lakin qanqaraldıcı məqam tək bunda deyil. Heydər Əliyev adına İdman Sarayında olan əməkdaşımız bəzi məqamlara göz yuma bilməyib. Sarayın zalı və ətrafı tamaşaçılar tərəfindən çirkləndirilib. Yerdə təşkilatçıların tamaşaçılara payladığı bayraq və şirə qablarına kimi rast gəlmək mümkün olub. Həmin fotoları təqdim edirik.
Qaynarinfo.az






