15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədir.
Qaynarinfo xəbər verir ki, medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan son olaraq iki nəfər - "Təhsil RİM - Muğan" təmsilçisi Əli Şükürlü və "Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.
Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb. Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.
Beləliklə, yığma komandamız Avropa birinciliyini toplam 9 - 3 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.
Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.
Səbuhi Həsənov