"Youtube" video platformasının sahibi olan "Alphabet" şirkəti ilk dəfə gəlirlərlə bağlı açıqlama yayıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Youtube" 2019-cu ilin son 3 ayında reklamlardan 4,7 milyard dollar qazanıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artım deməkdir. Bazar dəyəri trilyon dollara çatan və "Google"un sahibi olan "Alphabet" illik gəlirin də 17 faiz artaraq, 46 milyard dollara yüksəldiyini açıqlayıb. Bu artım 2 ilin ən aşağı göstəricisi kimi qeydə alınıb. Ancaq "Youtube" sürətlə böyüyərkən, şirkət bulud texnologiyaları sahəsində rəqiblərinə uduzur. "Amazon" firmasının əldə etdiyi 10 milyard dollar gəlirə qarşı "Alphabet" bulud serverlərindən 2,6 milyard dollar gəlir götürüb.
Şirkətin Google üzərindən əldə etdiyi reklam qazancı isə 17 faiz artaraq 27,2 milyard dollara çatıb.
"Alphabet"in baş direktoru Sundar Piçai "Youtube"un pullu üzvlərinin sayının 2 milyon civarında olduğunu açıqlayıb. Ötən il platformanın əldə etdyi 15 milyard dollarlıq reklam gəlirinin böyük qisminin məzmun hazırlayan istifadəçilərlə bölüşdürüldüyü bildirilib.
Camal