Dünya 13:50 13.02.2023

Yunanıstan və Ermənistan Türkiyəyə yardım etdi: Buzlar əriyəcəkmi?

Türkiyədə baş verən dəhşətli zəlzələ fonunda dünyanın çoxsaylı ölkələri müxtəlif yardımlar göstərir. Türkiyəyə yardım edən ölkələr sırasında münasibətlərin gərgin olduğu Yunanıstan, Ermənistan, İsrail kimi ölkələr də var. Türkiyə rəsmiləri verilən dəstəyə görə həmin ölkələrə təşəkkür ediblər. Dünən Türkiyənin xarici işlər naziri Mövluq Çavuşoğlu Yunanıstanın verdiyi dəstəyi yüksək qiymətləndirib. 

Bir sıra hallarda baş verən təbii fəlakətlər dost olmayan, münasibətləri gərgin olan ölkələrin barışmasına, əvvəlki gərginliyi aradan qaldırmalarına gətirib çıxarır. 

Maraqlıdır, İsrail, Yunanıstan, Ermənistan kimi dost olmayan ölkələrin Ankaraya yardımı onlar arasında münasibətlərin gələcək inkişafına necə təsir edəcək? 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, zəlzələ Türkiyənin Afina və İrəvanla münasibətlərində müəyyən yumşalmalara səbəb olacaq, ancaq bu, onlar arasında olan köklü problemlərin həlli anlamına gəlmir:
 


"Zəlzələdən ziyan görən Türkiyəyə ona dost olmayan Yunanıstan, Ermənistan kimi ölkələr tərəfindən yardımların göstərilməsi münasibətləri bir qədər yumşaltsa da, son nəticədə aralarındakı ciddi problemlərin aradan qaldrılmasına kömək etməyəcək. Çünki bu problemlərin dərin kökü var, zəlzələ ilə bağlı olmayan problemlərdir. Belə yardımlar insanlıq nümunəsi hesab edilir. Təbii fəlakətlər zamanı bir-birinə yardım etmək münasibətlərin necə olmasından asılı olmayaraq, əksər ölkələr tərəfindən qəbul olunan haldır. Lakin bu yardımlar heç bir halda Türkiyənin Yunanıstan, Ermənistan, İsrail ilə olan siyasi çəkişmə, siyasi mübarizə və mübahisələrin tam olaraq həllinə gətirib çıxarmayacaq. Adları çəkilən ölkələrdən Türkiyəyə müəyyən yardımların gəlməsi istər-istəməz aralarındakı münasibətləri müəyyən dərəcədə yumşaldacaq. Ancaq bu onlar arasında olan köklü problemlərin həllinə gətirib çıxarmayacaq. Sadəcə yumşalmadan istifadə edib, digər məsələləri həll etmək mümkün olacaq”. 

Rüfət Sultan