Xəbər lenti

Yunis Hüseynov: "Transferlərin "Neftçi"yə köməyi dəymədi"
İdman06:32 30.08.2021

Yunis Hüseynov: "Transferlərin "Neftçi"yə köməyi dəymədi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının son çempionu "Neftçi"nin avrokuboklardakı uğursuzluğu birmənalı qarşılanmadı. Komanda Avrokubok mövsümünə Çempionlar Liqasında başlasa da, Konfrans Liqasının pley-off mərhələsini məğlubiyyətlə bitirdi. Təbii ki, belə olan halda tənqidlərə məruz qaldı. Amma "Neftçi"nin pis oynamadığını, sadəcə, bəxtsizlik yaşadığını da düşünənlər var. Bəs Azərbaycanın tanınmış mütəxəssislərindən olan, karyerasının böyük hissəsini "Neftçi"də keçirmiş Yunis Hüseynov nə düşünür?
Qaynarinfo-ya açıqlamasında Yunis bəy Azərbaycan çempionunun durumuna toxunub, uğursuzluğun səbəblərindən danışıb. Bununla yanaşı, "Qarabağ"ın qrupu haqda da fikirlərini bölüşüb: 
"Çox istəyərdim ki, "Neftçi" qrup mərhələsinə düşsün. Uzun illərdi bunu gözləyirdik. Azərbaycanı tanıdan "Neftçi" olub. Amma əfsuslar olsun ki, yaxşı təsir bağışlamadılar. UEFA da klublara şans yaratmışdı. Konfrans Liqasının qrup mərhələsinə düşmək mümkün idi. Sonuncu, "Makkabi" ilə, xüsusən səfərdəki oyunda çox zəif təsir bağışladılar. Bakıdakı oyunda isə İsrail komandası bir qədər arxayınlaşmışdı. "Neftçi" əks hücumlarda 3 qol vursa da, hesabı qoruyub saxlaya bilmədi. Çox sönük oyun nümayiş etdirdilər, istəksiz idilər. "Makkabi" isə elə bil finalda oynayırdı. Yəni, oyuna belə yanaşırdılar. "Neftçi"də əzmkarlıq görə bilmədim, ona görə də 0:4 hesabı ilə məğlub oldular".
Yunis Hüseynov "Neftçi"də hansı problemlər daha qabarıq idi" sualına belə cavab verib: "Mətbuatda oxuyuruq, sanki "Neftçi" daxilində anlaşılmazlıq var və sözləri bir-biri ilə düz gəlmir. Səhv etmirəmsə, 8 transfer həyata keçiriblər. Belə baxanda az deyil. Amma nə qədər ki, komandada söz-söhbət çox olacaq, nəticə qazanmaq da çətin olacaq. Yəni saytlarda oxuduğumu deyirəm, ola bilsin, belə şey yoxdur. Hər oyundan sonra söz-söhbət olur".
Mütəxəssis təzyiqlərin komandaya təsir etdiyinə inanmadığını da bildirib: "Bilirsiniz, "Neftçi"nin qrupda oynamasını həddindən çox istəyirik. Komanda çempion olubsa, o demək deyil ki, 100 faiz qrupa düşməlidir. Rəqiblərin də yaxşı komandalar olduğuna şübhə yoxdur. Biz onu deyirik ki, "Neftçi" daha yaxşı oynaya bilərdi. "Qarabağ" 8 ildir qruplarda oynayır, təcrübəsi var. Mənə elə gəlir ki, həyata keçirdikləri transferlərin "Neftçi"yə köməyi dəymədi".
Hüseynov "Qarabağ"ın şanslarını da dəyərləndirib: 
"Aberdin"lə oyunda özünü yaxşı tərəfdən göstərdi, həm Bakıda, həm səfərdə qələbə qazandı. "Bazel", "Kayrat", "Omoniya" pis komandalar deyil. Amma qrupdan çıxmaq mümkündür. Baxın, "Kayrat" bu il çempion oldu. Özlərini də yaxşı tərəfdən göstərdilər. Mən düşünürəm ki, "Bazel"lə "Qarabağ" qrupdan çıxacaq. İndiki komandaların çoxu heç əvvəlki deyil. Məsələn, "Olimpiakos"u göstərə bilərəm. Əvvəlki "Olimpiakos"la indikində çox fərq var. "Bazel"in də hansı vəziyyətdə olduğunu oyunlarda görəcəyik".
Səbuhi Həsənov