Nurlan Novruzov ölkəmizi xaricdə təmsil edən tək-tük futbolçularımızdandır. Amma onu fərqləndirən başqa cəhət də var. "Bakı”nın yetirməsi artıq xeyli müddətdir ki, Azərbaycandan kənarda top qovur. Sonuncu dəfə 2018-ci ildə vətəndə oynamış Novruzovun ilk xarici səfəri Türkiyəyə olmuşdu. Bir il qardaş ölkənin aşağı dəstə klublarında çıxış edən hücumçu daha sonra Moldova, Estoniya, ən sonda isə Nepala yollandı. Hazırda Nepal klubu "Mahindra”nın formasını geyinən hücumçunun daha bir alqışlanası xarakteri daim xaricdə oynamağa üstünlük verməsidir. Hətta çıxış etdiyi çempionatlar bizimkindən zəif olsa belə. O, bir neçə dəfə klubsuz qalsa da, Azərbaycana dönməyərək, xaricdə oynamağı daha məqsədəuyğun sayıb. Bir müddət öncə Nepal çempionu olan "Mahindra”nın qələbə qoluna da məhz Nurlan imza atmışdı. Bütün bunlara baxmayaraq, futbolçuya əsas millimizdə yer tapılmadı. Hər dəfə müxtəlif bəhanələrlə yığmadan kənarda saxlanılan Nurlanın bu mənada incik olması da başa düşüləndir.
Martın 3-də 29 yaşını tamamlayan futbolçu Qaynarinfo-ya müsahibəsində həm yaşadığı ölkə, oynadığı klubu, həm də gələcək planları ilə bağlı danışdı.
- Artıq xeyli müddətdir Azərbaycandan kənarda oynayırsan. Bizim futbolçularda belə xüsusiyyət var ki, kənarda çox qalanda darıxırlar. Özünü necə hiss edirsən?
- Şükürlər olsun, ölkə xaricində darıxmaqla bağlı heç vaxt problem yaşamamışam. Məncə, ünsiyyət qurmaq çox önəmlidir. Bunu bacarırsansa, hər şey asan olur.
- Bir neçə ölkədə çıxış etmisən. Hansı dilləri bilirsən? Komanda yoldaşlarınla, məşqçilərə, rəhbərliklə ünsiyyətdə çətinlik çəkmirsən ki?
- Rus və ingilis dilində fikirlərimi rahat başa sala bilirəm. Ünsiyyət qurmaqda çətinlik çəkmirəm.
"Paltardəyişmə otağına heykəl gətirib oyun öncəsi ondan yardım diləyirlər"
- Nepalda durum necədir? Bildiyimə, görə xaricdə yaşadığın ilk çempionluqdur.
- Nepalda hər şey yaxşıdır. Həm həyat normaldır, karantin yoxdur, sərbəstlikdir, həm də çempion olmağımız gözəl idi. İndi hədəfimiz kuboku qazanmaqdır. Estoniyada iki dəfə finalda oynasam da, komandam məğlub olub. Bəli, ölkə xaricindəki ilk çempionluğu "Mahindra” ilə yaşamaq gözəl duyğu idi. Bunu kubokda bir daha yaşamaq istəyirəm.
- "Mahindra" necə klubdur? Titulları çoxdur?
- Paytaxt klubudur. Çempionatda ən böyük və rəqabət apardığı rəqib "Mananqlar”dır. Bu oyun Nepalda derbi sayılır. Bu iki komanda hər il çempionluğa oynayır. "Mahindra” Nepalda titullu komandadır. Qəribədir ki, klubun öz yaratdığı allahı var. Özlərinin düzəltdikləri daşa, bütə itaət edirlər. Bunların allahları çoxdur.
- Maraqlıdır, digər komandalar da özlərinə o şəkildə "allah" yaradıblar? Yoxsa hamısı eyni daşa sitayiş edir?
- Burda iki dinin nümayəndələri var – bütpərəst və indu. İnduların allahı çoxdur, soyunub-geyinmə otağına bir heykəl gətirib oyun öncəsi ondan yardım diləyirlər. Açığı, ilk vaxtlarda mənə qəribə gəlirdi. Sonradan bu millətin hərəkətlərinə öyrəşdim. Məqsədim kimlərisə kiçiltmək deyil, amma məncə, insan o qədər ağılsız olmalıdır ki, özü düzəltdiyi daşdan nəsə uma. Bəlkə sizə də çox qəribə gələr, hətta bu heykəlləri özləri ilə yeməyə də aparırlar. Dinlərə qarşı danışmağı sevmirəm, insanların inanclarını dəyişə bilmərik. Əlhəmdülillah, müsəlmanıq. Ancaq doğrudan da burada dini inanclar qəribədir.
- Onların özlərinəməxsus dini ritualları olur. Nə vaxtsa səni də belə rituallara dəvət ediblər?
- Bizim prezident məni tez-tez ziyarətlərə aparırdı. Amma yəqin ki, artıq bezib. Çünki hər dəfə ona bu daşların insanlar tərəfindən düzəldildiyini deyərək zarafatlaşırdım (gülür). Allahın nə yeməyə, içməyə, nə də ki, köməyə ehtiyacı olduğunu bildirirdim. Açığı, sözlərim onun beynini bir az qarışdırıb məncə (gülür).
- Maraqlı və qəribədir. O sözləri deyəndə hər hansı problem olmur ki?
- Xeyr, həqiqətən məni çox istəyirlər, sağ olsunlar. Nəsə dinlə bağlı mövzular olanda onları, gülə-gülə, zarafatla başa salıram. Amma xristianlara nisbətən müsəlmanlara simpatiyaları çox azdır.
- İslamla bağlı onlara məlumat verirsən? Necə qarşılayırlar?
- Açıq danışsaq, sevmirlər, sanki acıqlarına gedir. Öz gözləri ilə gördüklərinə inanırlar. Bəzən göydəki ayı, günəşi, ulduzu yerdə dənizi, dünyadakı gözəllikləri bu heykəllər yaradıb deyərək, onlarla məzələnirəm. Əslində onlar da allahı danmırlar. Sadəcə, çoxlu allaha tabe olurlar, şərik qoşurlar. Dərinə gedəndə isə dediklərimi dana bilmirlər (gülür).
- Futbolçu, heyət baxımından necədir? Başqa legionerləri var?
- Futbolçularla davranış çox yaxşıdır. Hər kəs futbola baxdığı üçün, Katmanduda hamı "Mahindra”nın oyunçularını tanıyır. Nigeriyalılar, kamerunlular var. Burada bütün klublar Afrikadan oyunçu transfer edirlər. Aralarında ağdərili olan tək mənəm (gülür). Bəlkə də ona görə bunlara bir az qəribə gəlirəm (gülür).
- Orada ağ insanlara münasibət necədir ümumiyyətlə?
- Yaxşıdır, çox şirin gəlirəm bunlara (gülür).
"Maaşın məbləği haqda danışmaq peşəkarlıq deyil. Amma açıqlayım..."
- "Mahindra”nın çempionluq qolunu da sən vurmuşdun. Komandada ümumilikdə neçə qolun müəllifisən?
- Bəli, bu, sevindirici oldu. Çempionluğun rəsmiləşdiyi qolu vurdum. Mövsümü 4 qol, 6 məhsuldar ötürmə ilə bitirdim. İndi isə, AFC və ardından NSL başlayır. AFC Asiya Çempionlar liqasının seçmə mərhələsidir, NSL isə Nepal Superliqasıdır, burada şəhərlərin komandaları birləşir, 1 kollektiv formasında oynayır. Hindistandan da komanda qoşulur, çox maraqlı çempionatdır. Keçən il oynamışam deyə bilirəm, səviyyəcə çox yaxşıdır. Çünki hər komanda Avropadan futbolçu gətirir.
- Nepalda azarkeşlərin futbola marağı necədir? Oyunlarda nə qədər adam olur?
- Maraq çoxdur. Oyunlara da çox adam gəlir. Bizim stadion "Tofiq Bəhramov”a bənzəyir. Amma azarkeş tutmunun nə qədər olduğunu dəqiq bilmirəm.
- Çempion oldunuz. Qələbə qolunu da sən vurdun. Buna görə hansısa xüsusi mükafat aldın? Ümumiyyətlə, orada mükafat sistemi necədir?
- Mükafat sistemini bilmirəm. Əvvəlcədən danışdığımız kimi, çempionluq mükafatımı alacağam. Yəqin ki, bu ay ödəyəcəklər. Açığı, klubda pul söhbətlərinə qarışmıram.
- Aylıq maaş verirlər, yoxsa hər oyuna çıxmağın əvəzində pul ödənilir?
- Xeyr, hər kəs normal aylıq məvacib alır.
- Sirr deyilsə, nə qədər maaş alırsan? Bizdəki ilə müqayisədə azdır ya çox?
- Açığı, maaşın məbləği haqda danışmaq peşəkarlıq deyil. Amma açıqlayım, 2500 dollar məvacib verirlər. Əsas odur ki, futboldan həzz alıram. Önəmli olan budur.
- Yəqin ki, yaşayış şəraitinə görə pis olmaz...
- Burada hər şey ucuzdur. Yemək baxımından bir az çətinliklər yaşayırdım. Təzə müsəlman restoranı tapmışam. Sahibi türkdür, dost olmuşuq (gülür).
- Oynadığın o biri ölkələrlə Nepal arasında futbol baxımından hansı fərqlər var?
- Fərqlər çoxdur. Avropa mədəniyyəti tam başqadır, yeməkləri fərqlidir. Nepaldakı insanlar isə əladır, çox isti və səmimidirlər. Avropada küçədə yıxılıb ölsən sənə heç kim kömək etməz. Hər kəs özü üçün yaşayır. Yəni mədəniyyət fərqi çoxdur.
"Sürücülük vəsiqəmi istəyəndə uzaqdan göstərirəm"
- Ümumiyyətlə, oradakı həyat maraqlıdır. Hər halda bizim üçün ekzotik ölkə sayılır. Təbiəti necədir? Bildiyimə görə, turistik ölkədir...
- Himalay dağları və dünyanın ən hündür zirvəsi - Everest buradadır. Bura turistlər tez-tez gəlir. O dağlara getmək istəyənlər 50-80 min dollar ödəyirlər. Dağçıların, alpinistlərin sevimli yeridir. Həqiqətən bu dağlar sanki nağıllarda, kinolarda gördüyümüz səhnələr kimidir, çox gözəldirlər.
- Yeməkləri necədir? Xüsusi yeməkləri var? Ən çox nəyi sevirlər?
- Hər bir yeməklərində düyü var. Düyünü çox sevirlər. Bir də acı yeməkləri. Həddindən artıq acı yeyirler. Yemək çeşidləri də çoxdur.
- Onarın yeməklərindən dadmısan heç?
- Hə, çox yemişəm. Dadlıdır, amma çox acı olduğu üçün sevmirəm. Başa salıram ki, acı verməsinlər. Yenə də acıdır. Ona görə də Nepal mətbəxini xoşlamıram. Burada italyan mətbəxi var, pizzaları çox dadlıdır. Türk restoranının isə yeməkləri əladır.
- Boş vaxtlarında harda dincəlirsən? Məşğul olmağa, əylənməyə yerlər var?
- Əylənmək yerləri çoxdur. Əsasən oteldə oluram. Çox önəmli bir işim olmayanda çölə çıxmıram. Arabir qəhvə içməyə gedirəm. Evli adamlara kirayədə qalmaq sərfəlidir. Mənə isə oteldə qalmaq sərf edir. Bunun paltar yumağı, təmizliyi var (gülür). Otel çox rahatdır.
- Bəs avtomobil?
- Burda maşınlar çox bahadır. Bizim ölkədə 10-15 min manatlıq maşınlar Nepalda ən azı 40-50 mindir. Həm də Asiyada maşın sürmək çətindir. Ən rahatı motosikletdir. Otelin motosikletləri var, hər gün istifadə edirəm. O baxımdan problem yoxdur. Qonaqlarım gələndə isə taksi ilə yola salıram. Motosiklet sürərkən vəsiqəmi istəyəndə uzaqdan göstərirəm. Çünki sürücülük vəsiqəmdə motosiklet sürməyə icazə yoxdur. Turist olanda polislər ilişmir.
- Oralarda ən çox hansı içkilərdən istifadə olunur?
- Çayları və qəhvələri çox məşhurdur. "Himalayan” qəhvələri bütün dünyaya burdan göndərilir. Qəhvələrini çox sevirəm, əla dadı var. Namaz əhli olduğum üçün spirtli içkilərindən xəbərim yoxdur.
- Hindistan, Nepal kimi ölkələrdə fillərə xüsusi diqqət və qayğı göstərilir. Onlardan həm nəqliyyat vasitəsi kimi, həm də pul qazanmaq üçün turistik məqsədlə istifadə olunur. Filə minmisən heç?
- Katmanduda görməmişəm. Açığı, görsəm, istifadə edərəm. Belə şeylər mənə çox maraqlı gəlir. Burada inək müqəddəsdir. İnsanların xətrinə dəy, amma inəyə dəymə (gülür). O dərəcədə müqəddəsdir onlar üçün. Hətta o heyvana itaət edirlər. İnəyi kəssən, adamı öldürərlər (gülür). Yeməklərdə toyuq, donuz, dağ keçisinin ətindən istifadə olunur. Dağ keçisi əti çox yemişəm, doğrudan da dadlıdır.
- Ora əsasən nəyi ilə məşhurdur və maraqlı xüsusiyyətləri nədir? Təkcə çay və qəhvəsi ilə?
- Nepal dünyanın ən hündür zirvəsi olan Everestlə məşhurdur. Dünyanın ən hündür dağı Himalay da burada yerləşir.
"Karyerama zərbə vuran insanlardan biri də elə o oldu"
- Bir az da Azərbaycandan danışaq. Xeyli vaxtdır kənarda oynamağın yaxşı haldır. Amma bunu "küsüb gedib” kimi qələmə verənlər də var. Səbəb kimi də gücündən, səviyyəsindən asılı olmayaraq hansı klubda imkan tapdınsa, orada oynamağını göstərirlər...
- Kiminsə mənim haqqımda mənfi nəsə deməsi, açığı, marağımda deyil. Küsmək deməyək, amma əlbəttə, inciklik var. Ölkə çempionatında əlimdən gələnin artıqlamasını etmişəm. Amma dəyər verməyiblər. Bəzən insan dəyər görmədikcə işinə həvəsi "ölür". Kimlərsə oyunum barədə mənfi nəsə deyirsə, yəqin ki, futboldan anlayışı o qədərdir. Premyer Liqanın ən gənc və güclü futbolçusu mükafatını almışam. Daha sonra bombardir olmuşam. Dəfələrlə ayın oyunçusu seçilmişəm. Bunların hamısını 21-22 yaşlarımda qazanmışam. Kiminsə haqqımda mənfi fikri varsa, yenə də öz futbol anlayışını yoxlasın. Həqiqətən həm dəyər vermədilər, həm də dəstək olmadılar. Haqq-ədalət deyə bir şey var. Öz ölkəmdə görmədiyim dəyəri nədənsə digər ölkələrdə artıqlaması ilə görürəm. İnsanı da yandıran budur. Amma əvvəlki kimi üzülmürəm daha. Sakit futbolumu oynayıram, karyeramı bitirmək üçün 5-6 il vaxtım qalıb.
- O vaxt milliyə dəvət almamağınla bağlı mətbuat da məşqçilərin üzərinə gedirdi. Robert Prosineçki demişdi ki, "fəlsəfəmə” uyğun gəlmir...
- Doğrudan e! Prosineçkinin müsahibəsi indi yadıma düşdü. Əminəm ki, bu onun sözü deyildi. Hansısa jurnalist ona niyə çempionatın bombardirinin milliyə dəvət almaması ilə bağlı sual ünvanlayanda, cavab verirdi ki, "sistemimə” uyğun deyil. Nə vaxt yığmaya dəvət etdi ki, sistemə uyğun olub-olmamağım bilindi (gülür)? Həqiqətən gülüncdür. Heç olmasa toplanışa çağır, 2-3 gündən sonra yol sal. Belədə "fəlsəfəmə uyğun gəlmədi", demək daha inandırıcı olardı. Sonra deyirlər ki, tapşırıqla iş görmürük. Ölkəmizdə tapşırıqsız, təmiz idarə olunan tək klub "Qarabağ”dır. Nəticəsi də göz qabağındadır. "Qarabağ”ın davamçısı kimi "Zirə” də bu yolla irəliləyir. Təəssüf ki, "Neftçi” eyni yolu getmir. Futbolu ondan anlayanlar idarə etməlidir, həvəskarlar deyil. Anladım ki, Azərbaycan futbolunda haqqı danışmaq lazım deyil.
- Xaricə yollanandan bəri bir neçə dəfə futbolsuz qaldığın günlər olub. Yəqin ki, Azərbaycan çempionatına özün qayıtmaq istəməmisən... Premyer Liqa klublarından təklif olurdu?
- Koronavirusla bağlı problemlər oldu. Azərbaycandan iki dəfə təklif gəlmişdi. Amma pis çıxmasın, təklif etdikləri pula futbol oynamaqdansa, başqa işlə məşğul olmaq daha yaxşıdır.
- Premyer Liqa ilə maraqlanırsan? Sən gedəndən bəri hansı dəyişikliklər var? Ümumiyyətlə, irəliləyiş var səncə?
- İrəliləyiş var desəm, yəqin ki, yalançı olaram. Məncə, daha da batalıqdadır. Sadəcə, "Qarabağ” təkbaşına futbolumuzu ayaqda saxlayır. Gəlin, bunu qəbul edək. Bu gün "Qarabağ” olmasa, çempionatımızın səviyyəsi yox həddinə enər. Hardadır bizim dövrümüzdəki "Xəzər Lənkəran”, "Simurq”, "Kəpəz”, "Karvan”, "Bakı”, əvvəlki "İnter”, "Neftçi”? Hardadır o səviyyə? Nəsə olsun ki, mətbuatda da bir şey yazılsın. Klubların sayında artım olmasa, gənc oyunçular hardan gələcək, həvəskarlardan? Hər kəs eyni fikirdədir. Tovuz, Lənkəran, Gəncə, Zaqatala, Quba, Qusar, Yevlax futbolunu məhv etdilər. Bunlardan əlavə, "Bakı”nı da eyni hala saldılar. İndi də bəhanə edirlər ki, yaxşı məşqçilər, uşaq futbolu yoxdur. Torpaqda problem varsa, toxumun günahı nədir axı?
- Artıq 29 yaşın var. Azərbaycan çempionatına qayıtmaq fikrin var? Yoxsa karyeranı bitirənə qədər xaricdə qalmağı düşünürsən?
- Hazırda Azərbaycana qayıdıb oynamaq fikrim yoxdur. İlk seçimim ölkə xaricində oynamaqdır.
- Az öncə "Bakı”nın adını çəkdin. Yetirməsi olduğun klubun bazasından xəbərin var?
- Şəkilləri görəndə içimiz parçalandı. Ora milyonlar qoyan insanı necə kədərləndirib, bunu Allah bilir. Kaş ki, o bazanı dağıtmayaydılar. Bu, gələcəkdə Azərbaycan millisinə kömək edəcək gənc futbolçuların məhvi demək idi. Vallah, vətənimizdə futbola belə yanaşma görəndə içimiz parçalanır.
- Bir müddət öncə bizə müsahibə verən "Bakı”nın sabiq icraçı direktoru Yaşar Seyidov klubun yetirmələrinin heç vaxt onlarla maraqlanmadığını bildirmişdi...
- Karyerama zərbə vuran insanlardan biri də elə Yaşar müəllim olmadımı? Sonrakı peşmançılıq fayda verməz. Həm yerli, həm də xarici klublardan yaxşı təkliflər vardı. Ancaq elə qiymət qoydu ki, mənə yaxın durmadılar. Az öncə də dedim, futbolu öz xeyrini düşünənlər və həvəskarlar deyil, onu bilən insanlar idarə etməlidir.
Səbuhi Həsənov
Şərhlər