Qatil əsgər zabitin əzab içində can verərək ölməsini gözləyibXəbər verildiyi kimi, dünən Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin aprel ayında Sədərək rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış Şahverdiyev Rəfail Əli oğlu ona təhkim edilmiş odlu silahdan atəş açaraq həmin hərbi hissənin tağım komandiri, baş leytenant Məmmədov Elşən Mübariz oğlunu öldürüb.
İlkin xəbərlərdə hadisənin ehtiyatsızlıqdan baş verdiyi barədə mediada xəbərlər dolaşsa da, sonradan Hərbi Prokurorluğun yaydığı açıqlama göstərilirdi ki, faktla bağlı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb və hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.
Bu gün musavat.com əməkdaşının mötəbər mənbədən əldə etdiyi məlumatda hadisənin təfərrüatları açıqlanır.
Bildirilir ki, mərhum zabit Elşən Məmmədov savadlı, qorxmaz, vətənpərvər biri olduğu halda əsgər Rəfael Şahverdiyev psixi problemləri olan, hətta əlnində "dəlilik kağızı"nın olmasıyla öyünən birisi olub. O, bir neçə dəfə öz bədənin kəsici-deşici alətlərlə xəsarət yetirərək, necə bir "dəli-dolu oğlan" olduğunu da sübuta yetirib. Hadisə baş verən gün isə, əsgər Şahverdiyev təmas xəttində olan postda yatıbmış. Bunu ona irad tutan zabit Məmmədov mübahisə əsnasında əsəbiləşərək əsgərə acıqlanıb və "şərəfsizlik edirsən" deyib. Şahverdiyev isə qisas alacağı ilə hədələyib.
Bilgili mənbə xəbər verir ki, əsgər Şahverdiyev postdan qayıtdıqdan sonra, gecə saat 3-də kazarmaya gələrək, öz vədini yerinə yetirib və xidməti silahıyla zabit Elşən Məmmədovu yatdığı yerdə güllələyib. Bundan başqa, o, həkimlərin can verməkdə olan baş leytenanta tibbi yardım göstərməsinə mane olub, yaralının yanında duraraq əzab içində ölməsini seyr edib.
Beləliklə, hərbi prokurorluğun nəyə görə əsgər Şahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlandığının sirri çözülür.
Mərhum zabit Elşən Məmmədov barədə də maraqlı məlumatlar əldə etmişik. Onun hərbçi yoldaşlarından biri bildirir ki, E.Məmmədov Masalli rayon hərbi komissarlığından xidmətə çağırılıb. 2002-2005-ci ildə Naxçivanski adına hərbi liseydə, 2005-2009-cu ildə Heydər Əliyev adına AAHM-da, 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təhsil alıb. 2007-ci ildə kursda fərqləndiyinə görə Türkiyə Silahlı Qüvvələrində təlimdə işrirak edib. Məktəbi qırmızı diplomla bitirib. 2010-cu ildən Naxçivanda N saylı hərbi hissədə xidmet edib.
Qaynar.info