Xəbər lenti

Zairovun gümüş medala sahib çıxması xəbərinə rəsmi açıqlama: "Sonradan ikiqat üzülmək istəmirik"
İdman11:24 09.01.2017

Zairovun gümüş medala sahib çıxması xəbərinə rəsmi açıqlama: "Sonradan ikiqat üzülmək istəmirik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub.

Qaynarinfo.Az xəbər verir ki, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamıza mükafat bəxş edib.

Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.

Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından, bunlardan birinin, yəni Zairovun “təmiz”ə çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.

Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “4-lük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.

Bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız II yerlərinin sayını 3-ə çatdırıb.

Lakin Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev hələ gümüş medalın rəsmiləşmədiyini bildirib: "Ağır atletimiz İntiqam Zairovun London Olimpiadasında 94 kq çəki dərəcəsində gümüş medala sahib çıxması xəbərləri rəsmi deyildir. Bəli, Zairovun adı Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi səhifəsində "nəticələr" bölməsində 94 kq çəki dərəcəsində London Olimpiadasının gümüş medalçısı kimi göstərilir. Təbii olaraq da, hər kəs buna istinad edir. Ancaq WADA və Beynəlxalq Olimpiya Komitəsinin Zairovla bağlı dopinq araşdırması hələ davam edir və nəticəsi açıqlanmayıb. Yəni, bunu müvəqqəti durum kimi qəbul etmək olar. Biz də federasiya olaraq qərarı gözləyirik. Hamı kimi, bəlkə də hamıdan daha çox məhz biz Zairovun medala sahib çıxaraq adını tarixə yazdırmasını istəyirik. İndidən sevinib, sonradan ikiqat üzülmək istəmirik. Ümid edirik ki, atletimiz layiq olduğu medalı qazanacaq".

Qeyd edək ki, İntiqam Zairovun Pekin-2008 Olimpiadasına görə göstərdiyi nəticə isə dopinqə görə silinib və sonradan bəraət almayıb.

Qaynarinfo.Az