Dünya 14:53 13.08.2022

Zaporojye AES nə qədər təhlükəlidir? - "Ərazidə sonuncu rus əsgəri qalana qədər..."

"Zaporojye Atom Elektrik Stansiyası (AES) o vaxta qədər təhlükəlidir ki, stansiyanın ərazisində ən azı bir silahlı rus var".

Qaynarinfo xəbər verir ki, bu sözləri məlumat telemarafonunun efirində təcrid zonasının idarə olunması üzrə ictimai şuranın üzvü Yaroslav Yemelianenko deyib.

"Hazırda kritik dağıntılar və radiasiya sızması yoxdur, lakin hər saniyə, tamamilə qeyri-adekvat düşmən olduğu halda orada hər şey baş verə bilər", deyə Yemelianenko əlavə edib.

Ekspert onu da qeyd edib ki, Zaporojye AES-də Çernobıldakından fərqli tipli reaktor var. Ona görə də ruslar nə etsələr də, 1986-cı ildə Çernobılda baş vermiş belə bir termokimyəvi partlayışı törədə bilməyəcəklər:

"Mən Fukuşima təcrübəsinə baxardım. Çünki Fukuşima və Zaporojye AES-lərində eyni tipli reaktorlar var. Bu reaktorun zədələnməsi belə nəticələrə gətirib çıxarır. Amma həm 1986-cı ildə, həm də Fukuşima qəzası zamanı (2011-ci ildə) heç bir xəbərdarlıq etmədən sıfırdan ləğvetmə ilə məşğul olmaq məcburiyyətində qalındı. Ruslar Zaporojye stansiyasının ərazisində qaldıqları müddətdə biz xəbərdarlıq etməliyik. Çünki düşmən qeyri-adekvatdır və orada nəsə edə bilər, ona görə də fəal hərəkət etməliyik. İndi görülməli olan ilk tədbirlər stansiya ətrafında bir neçə on kilometrlik ərazinin boşaldılmasıdır, çünki küləyin hardan əsməsindən asılı olmayaraq, bu ərazilər zərər görəcək".

Qeyd edək ki, rus qoşunları martın əvvəlində Zaporojye AES-in ərazisini nəzarətə götürüb. Əraziyə təxminən 500 əsgər, tanklar və partlayıcı maddələr, ağır silahlar yerləşdirilib. AES işçiləri silah altında və güclü psixoloji təzyiq şəraitində işləməyə məcbur edilir. Həmçinin stansiyada "Rosatom”un heyəti var.

Avqustun 5-də ruslar Zaporojye AES-i atəşə tutub. Mərmilər xüsusilə də yüksək gərginlikli rabitə xəttinə dəyib, zədələnib, enerji bloklarından birində qəza mühafizəsi işə düşüb.

Həmçinin, nüvə reaktorunun yerləşdiyi enerji bloklarından birinin yaxınlığında üç partlama qeydə alınıb. Azot-oksigen stansiyasına və birləşdirilmiş yardımçı binaya ciddi ziyan dəyib. Hidrogen sızması və radioaktiv çirklənmə riski, həmçinin yüksək yanğın təhlükəsi barədə məlumat verilib.

Aydın