İşləmək üçün özəl ali təhsil müəssisələrinə müraciət edən professor – müəllim heyəti üzvlərinin sayı artıb.
Qaynarinfo azedu.az-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan "Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.
Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018- 2019-cu tədris ilində dövlət və özəl ali təhsil müəssisələrində çalışan professor – müəllim heyətinin sayı 14779 nəfər olub. Onların 1148-i professordur. Bu sayın 7 mindən çoxunu qadınlar təşkil edir.
Özəl və dövlət universitetlərində çalışan professor-müəllim heyətinin sayında kəskin fərq hiss edilir. Dövlət universitetində bu kadrların sayı 13 mindən çox olduğu halda özəl ali təhsil müəssisələrində 1302-dir.
Özəl universitetlərdə çalışan kadrların 70-i professor, 263-ü dosent, 438-i fəlsəfə doktoru, 76-ı elmlər doktorudur. Bu ali məktəblərdə çalışan 1300-dən çox kadrdan 633-ü qadınlardır.
Qeyd edək ki, ötən il özəl ali təhsil müəssisələrində 1279 kadr qeydə alınmışdısa, bu il bu say 1300-ü üstələyib. Özəl universitet kadrlarının sayında kəskin artım isə 2005 – 2006-cı illərdə qeydə alınıb. Həmin ildə bu universitetlərdə 1800-dən çox kadr çalışıb.