"Azərbaycan Nəşriyyatının özəlləşdirilməsindən nə mətbu orqanlara, nə də başqalarına heç bir xeyri olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı problemlərdən xilas ola bilməyən Azərbaycan Nəşriyyatının gələcək fəaliyyətinin hansı formada davam etdirilməsinə toxunarkən deyib:
"Azərbaycan Nəşriyyatının özəlləşdirilməsinə ehtiyac yoxdur. Onsuz da ölkədə kifayət qədər özəl nəşriyyat və mətbəələr fəaliyyət göstərir. Digər tərəfdən, özəlləşdirməyə kim gedəcək? Həmin qurumu özəlləşdirmək bir adamın gücündə deyil. Nəşriyyatın yenə də hansısa bir oliqarx tərəfindən özəlləşdirilməsindənsə, dövlətin nəzarətində qalması daha yaxşıdır”.
"Özəlləşdirilməlidir, ancaq ona sahib olan mətbuatın inkişafına xidmət edən addımlar atmalıdır”.
Bunu isə saytımıza Milli Məclisin deputatı Fazil Mustafa söyləyib:
"Azərbaycan Nəşriyyatı özəlləşdirilməlidir. Əslində bu obyekt faktiki olaraq özəl fəaliyyət göstərir. Nəşriyyat özəlləşməlidir ki, ona sahib olan sahibkar obyektə investisiya qoysun, buradakı xaraba vəziyyəti aradan qaldırsın. Proses göstərir ki, həmin obyekti özəlləşmədən kənar başqa cür tənzimləmək mümkün deyil. İndiki halda rentabelli olmayan bu kimi müəssisələr özəlləşməlidir. Amma özəlləşmədən sonra onun sahibi olanlar daha çox mətbuatın inkişafına xidmət edən addımlar atmalıdır. Özəlləşməyə verilərkən, bu şərt əsas olaraq götürülməlidir”.
Rüfət Sultan