Ekonomiks 19:24 25.09.2023

Zəngilanda işçi yıxılıb xəsarət aldı, iki şirkətin rəhbərliyi cərimələndi

Zəngilanda işçisi nərdivandan yıxıldığına görə "Electro İndustries" Qapalı Səhmdar Cəmiyyətinin (MMC) baş direktoru Natiq Qarayev cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü Səbuhi Fətullayev boru xətlərinin çəkildiyi ərazidə işləyərkən nərdivandan yıxılaraq xəsarət alıb. 

Səbuhi Fətullayev "Electro İndustries" QSC-nin rəsmi işçisi olmaqla yanaşı, "AzConstruction” QSC ilə bağlanmış müqavilə əsasında işləyib. Şirkətdə qaynaqçı vəzifəsində çalışan Səbuhi Fətullayev "AzConstruction” QSC ilə "Electro İndustries" QSC arasında bağlanmış xidmət müqaviləsinə əsasən, iş aparıb. Zərərçəkmiş şəxs işlə bağlı göstərişləri "AzConstruction” sahə rəisi işləyən Mönsüm Mahmudovdan alıb. 

Hər iki vəzifəli şəxs barəsində Zəngilan rayonu, Şayıflı kəndi ərazisində yerləşən iş sahəsində işlərə cəlb olunmuş işçilərlə bilik səviyyəsi yoxlamalarının aparılması təşkil edilmədiyinə, ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına səbəb olduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə Natiq Qarayev və Mönsüm Mahmudov İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, hər ikisi barəsində ayrı-ayrılıqda 1500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Əhməd