Xəbər lenti

Dünya 13:15 17.04.2024

Zərdüşt Əlizadə: "Zelenski çarəsiz durumdadır"

"Kiyev mövcud vəziyyətdə başqa çarəsinin olmadığını anlayır. Odur ki, Qərbin Rusiya ilə razılaşdığını əsas gətirməklə ictimai rəyi İsveçrədə təklif olunan şərtləri qəbul etməyə hazırlayır çalışır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna prezidenti Volodimir Zelenskinin İsveçrədə olacaq sülh sammiti ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Kiyevlə Moskva arasında siyasi münasibətlərin geniş miqyası müharibə başlamamışdan əvvəl də müzakirə olunub:

"Müharibənin başlanmasından bir ay sonra ciddi müzakirələr aparıldı. Əvvəl Minskdə, sonra İstanbulda danışıqlar oldu. Hətta bu zaman hansısa razılaşma da əldə edildi. Kiyev razılaşmanı qəbul etməyə də hazır idi. Amma Böyük Britaniyanın o zamankı baş naizri Boris Conson Kiyevə gələrək, Zelenskini razılaşmanı rədd etməyə çağırdı və nəticədə müharibə daha da qızışdı". 
 


Zərdüşt Əlizadə bildirib ki, Qərb bir müddət Ukraynaya silah verdi. Bu dövrdə hər iki tərəfdən yüz minlərlə insan qırıldı:

"Sonda bəlli oldu ki, ABŞ Kiyevə kömək etmək istəmir. ABŞ-ın məqsədi o olub ki, Ukrayna ilə Rusiya bir-birini məhv etsin, Vaşinqton da bu fonda bölgədə istəyinə nail olsun".

Həmsöhbətimizin fikrincə, ABŞ silah verməklə bağlı Nümayəndələr Palatasının qanun layihəsini qəbul etməli olduğunu bəhanə edir: 

"Amma bu həqiqət deyil. Baydenin sərəncamında 11 milyard dollar pul var ki, onu da istədiyi istiqamətə yönəldə bilər. Lakin Bayden tələmir. Nəticədə, Ukrayna ağır vəziyyətə düşüb. 45 milyonluq əhalinin 30 milyonu qalıb. 7-8 milyonu xaricə qaçıb. Ölkənin energetikası sıradan çıxarılır. Əhali də artıq döyüşmək istəmir, səfərbərlikdən yayınır. Rusiya da xoşbəxt deyil, sanksiyalarla təcrid olunub. Belə bir şəraitdə Ukrayna hakimiyyəti mövqeyini dəyişməyə məcburdur".

Politoloq qeyd edib ki, Kiyev məğlubiyyətini etiraf etməklə məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə atır:

"Beynəlxalq birlik İsveçrəyə toplanıb məsələni müzakirə edəcək. Onlar da öz xeyirlərinə olan təkliflə çıxış edəcəklər. Həmin təkliflər ağır olmasa da, heç ürəkaçan da deyil".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski "Bild"ə müsahibəsində İsveçrədə keçiriləcək sülh sammitindəki müzakirədən sonra Rusiyanın Ukrayna ilə müharibəyə son qoymaq planını öyrənmək imkanı əldə edəcəyini deyib:

"Biz plan hazırlayacağıq. Düşünürəm ki, görülməli olan işlərin konkret təfərrüatları olan bəzi məqamlar Cenevrə formatında ilk görüşə qədər hazır olacaq. Bundan sonra biz tam plan hazırlayacağıq və bəzi vasitəçilər, qitələrin nümayəndələri, təbii ki, bunu Rusiya nümayəndələrinə göstərəcəklər. Ancaq biz ümumi rəy formalaşdırdıqdan sonra bunu edəcəklər".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?