İdman 14:12 02.01.2023

"Zirə"dən "Neftçi"yə, "Neftçi"dən "Zirə"yə transfer

"Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını "Neftçi”də davam etdirəcək.

"Report”un əldə etdiyi məlumata görə, 25 yaşlı serbiyalı müdafiəçi "ağ-qaralar”ın diqqət mərkəzinə düşüb. Artıq "Zirə" ilə yollarını ayırmış futbolçunun keçidi yaxın günlərdə baş tutacaq.

"Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatmalı olsa da, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı sonlandırıblar. Qış təlim-məşq toplanışı üçün bu gün Antalyaya yola düşən komandanın heyətində serbiyalı müdafiəçi olmayıb.

Andelkoviç Azərbaycana gəlməmişdən əvvəl ölkəsində "Radnik”, "Metalaç”, "Yavor”, "Pivara” və "Zlatibor” klublarında çıxış edib.

Əvəzində mövsümün ilk yarısı bitən kimi "Neftçi” ilə qarşılıqlı razılaşma əsasında yollarını ayıran seneqallı müdafiəçi Mamadu Mboc "Zirə”nin maraq dairəsinə düşüb. Tərəflər arasında bir ümumi planda razılaşma əldə olunub, bir neçə xırda detalın müzakirəsindən sonra yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrında "Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.