Xəbər lenti

“Zirə”nin müdafiəçisi: “Azərbaycan yeməklərindən şorbanı və kababı xoşlayıram”
İdman18:42 28.10.2022

“Zirə”nin müdafiəçisi: “Azərbaycan yeməklərindən şorbanı və kababı xoşlayıram”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yay fasiləsində "Zirə”nin transfer etdiyi futbolçulardan biri də Moiz Adileu oldu. Benin millisinin də üzvü olan 26 yaşlı müdafiəçinin karyerasına baxanda bir çox ölkələrin çempionatında oynadığını görərik ki, onların arasında Fransa, Yunanıstan, Türkiyə və Niderland da var. Elə sonuncu klubu Niderland təmsilçisi "NAC Breda” olan Adileunun Azərbaycan futbolu, mentaliteti, yeməkləri haqda fikirlərini də öyrənmək maraqlı olardı. Dünyada kifayət qədər məşhur olan Fransa və Yunanıstan mədəniyyətlərini görmüş bir futbolçu kimi Moizin Azərbaycan haqda fikirləri də var.
Qaynarinfo-ya müsahibəsində ölkəmiz haqda təəssüratlarını bölüşən müdafiəçi bir neçə gün öncə "Qızıl top”u qazanan Fransa millsinin üzvü Kərim Benzema ilə bağlı sualımızı da cavablandırdı. Daha nələr dediyini isə öz dilindən öyrənək:
- "Zirə”yə "NAC Breda”dan gəlmisən. Azərbaycan klubunun Niderland təmsilçisindən daha üstün olduğunu düşünürsən?
- Düşünürəm ki, Azərbaycanda 3-4 komanda Niderlandda oynamaq səviyyəsindədir. Keyfiyyətli oyunçular və komandalar var. Məsələn, "Qarabağ”ın Fransanın güclü klublarından olan "Nant”la başabaş oynadığını görə bilərik.
- Azərbaycanla müqayisədə Niderland inkişaf etmiş ölkələrdən sayılır. Orada qalıb başqa bir klubda futbol oynamaq, yaşamaq imkanın var idi?
- Bəli, Türkiyədə, Yunanıstanda, Slovakiyada oynamışam. Azərbaycan çempionatı ilə bütün bu liqalar arasında böyük səviyyə fərqi yoxdur. 
- Artıq xeyli müddətdir ölkəmizdəsən, Bakıda və bəzi rayonlarda futbol oynamısan. Azərbaycan, onun əhalisi, mentaliteti və futbolu haqqında səndə hansı təəssüratlar formalaşıb?
- Azərbaycan mentalitetini bəyənirəm. İnsanlar çox hörmətcildirlər və bu mənim üçün hər şeydir. Bu ölkədə meydandan kənarda heç vaxt problemim olmayıb.
- Premyer Liqamızın səviyyəsi haqda nə düşünürsən?
- Yaxşı liqadır, qalib gəlmək çox çətindir. Güclü, yaxşı futbol oynayan 3-4 komanda var. Onlara qarşı oynamaq çox xoşdur.
- Azərbaycan mətbəxi ilə tanış olmusan yəqin ki... Hansı yeməklərimizi bəyənirsən?
- Şorbanı, kababı xoşlayıram. Bilmirəm mimoza salatı Azərbaycana xasdır, ya yox, amma inanılmazdır, onu çox sevirəm.
- Ölkəmizdə səni təəccübləndirən nələr haqqında danışa bilərsən?
- Burada məni təəccübləndirən böyük binalar və müasirlikdir. Hər şey yenidir, yaxşı restoranlarınız və uşaqlar üçün çoxlu məşğuliyyətlər var. Eyni zamanda böyüklər üçün də çox əyləncəli şəhərdir.
- Komandada ən yaxın dostların kimdir?
- Ən yaxın dostum Keytadır. "Zirə”yə gəldiyim gündən bəri mənə burda hər şeyi göstərdi. Boş olanda İssa və Qomeslə də vaxt keçirməyə çalışırıq.
- Boş vaxtlarını necə keçirməyi xoşlayırsan?
- Evdə qalmağı sevirəm, teleseriallara və futbola baxıram. Həm də yemək və qəhvə içmək üçün çölə çıxmağı xoşlayıram.
- "Zirə”nin çıxışı, bu mövsümdəki göstəriciləri ilə bağlı hansı fikirdəsən? Səncə qənaətbəxş sayılır?
- Düşünürəm ki, getdikcə daha yaxşı çalışırıq. İlk oyunlar heç vaxt asan olmur. Çünki heyətdə oyunçular baxımından bəzi dəyişikliklər olur, uyğunlaşmaq üçün vaxt lazımdır. İndi düşünürəm ki, yaxşı oynayırıq. Daha yaxşısını edə bilərik və edəcəyik.
- "Qarabağ”la mübarizə aparmaq elə də asan olmayacaq. Digər klublardan hansıları "Zirə” üçün ciddi rəqib kimi görürsən?
- Hamımız bilirik ki, "Qarabağ” çox güclüdür. Amma niyə xəyal edə bilmirik? Axıra qədər inanmalıyıq. Düşünürəm ki, "Sabah” və "Neftçi” ciddi rəqibdir.
- Dünya futbolunda azarkeşlik etdiyin, özünə kumir seçdiyin futbolçu var?
- Ramos və Tyaqo Silvanı bəyənirəm, onlar topla olanda çox sakit davranırlar. Topu itirməkdən qorxmurlar və təkbətək mübarizələrdə çox güclüdürlər.
- Bir neçə gün öncə Kərim Benzema "Qızıl top”a layiq görüldü. Bəs sənin namizədlərin kim idi? Haland, Mbappe, Levandovski, Salah kimi namizədlərin də iddia etdiyi "Qızıl top”un qalibinin budəfəki seçimini ədalətli hesab edirsən?
- Mənim üçün heç bir müzakirə olmadı. Benzema liqanı, kuboku qazandı, Çempionlar Liqasının qalibi oldu və komandası üçün həlledici qollar vurdu. O, gözəl lider olduğu üçün "Qızıl top”a layiqdir. Bu Benzema üçün asan deyildi və o, yaxşı formada qalmaqdan ötrü hər gün mübarizə aparırdı, heç vaxt təslim olmurdu. Nəticədə Allah istədiyini ona verdi.
Səbuhi Həsənov