"Zirə”nin əsas komandası Azərbaycan Premyer Liqasında 3-cü pillədə yer alsa da, klubun əvəzediciləri haqda eyni sözləri söyləmək təəssüf ki, mümkün deyil. Azər Məmmədovun rəhbərlik etdiyi "Zirə-2” turnir cədvəlinin ən sonuncu pilləsində yer alıb. Hazırda 5 xalı olan qəsəbə təmsilçisinin durumu heç də yaxşı görünmür. Bəs bunun səbəbləri nədir?
Suallarımıza cavabı elə Məmmədovdan aldıq. Mütəxəssis Qaynarinfo-ya müsahibəsində həm komandasının durumu, həm Birinci Divizionun səviyyəsi, həm də qarşıdakı planlarla bağlı düşüncələrini bölüşdü.
- "Zirə"nin əsas komandası üçüncü pillədə olsa da, siz sonda yer almısınız. Bu fərqin səbəbləri nədir?
- Səbəblərdən biri odur ki, Birinci Divizionda tətbiq olunan 6+5 limitindən istifadə etmirik. Yəni 6 təcrübəli və yaşca böyük futbolçunun xidmətindən yararlanmırıq, əvəzində gənclərə üstünlük veririk. Çempionatın ən gənc komandasıyıq. Əlbəttə, limit məsələsi öz təsirini göstərir. Digər səbəb isə komandanın yeni qurulmasıdır. 2002/2003 təvəllüdlü futbolçulardan ibarətdir.
- 6+5 limitindən tam şəkildə özünüz istifadə etmirsiniz, yoxsa klubdan ehtiyac olmadığını bildirirlər?
- Klubun strategiyası belədir. Əvəzedici komanda olduğu üçün tapşırıq verilib ki, limiti keçməyək. Sırf perspektivli uşaqları üzə çıxaraq. Bu üzdən daha yaşlı və təcrübəli futbolçulardan istifadə etməyimizi məsləhət görmürlər. Əlbəttə, bu amilin də böyük təsiri olur. Keçən il U-19 ümumiyyətlə yox idi. Məlum pandemiya vəziyyətinə görə U-19-ların çempionatı keçirilmədi. Biz də U-19-dan uşaqlar götürmüşük. Hansı ki, çempionatda praktikaları olmayıb. Birbaşa əvəzedicilərə gəliblər. Təcrübə öz sözünü deyir. Birinci Divizionda mübarizə aparılır, atletik futbola üstünlük verilir. Bizim uşaqlar da təcrübəsiz olduqlarına görə bu mənada "axsayırlar”. Düzdür, cədvəldə sonuncu yerdəyik. Amma gələn il əvəzedicilərin çempionatı ayrı keçirilsə, bu uşaqların yaxşı çıxış edəcəklərinə inanıram.
- Əsas komandaların baş məşqçiləri durumu nəzərə alaraq xal fərqini qaydaya salmaq üçün nisbətən təcrübəli futbolçuları və ya bəzən legionerləri də əvəzedicələrə göndərirlər. Amma "Zirə”də bunun şahidi olmuruq...
- Rəhbərlik heç vaxt turnir cədvəli ilə bağlı mənə nəsə deməyib. Çünki startegiyanı elə qurublar ki, bacardığımız qədər gənclərə üstünlük verməliyik. Düzdür, görünüş olaraq sonuncu yerdəyik. Yəqin məsləhət görmürlər, gənclərlə oynamalı olduğumuz üçün heç kimi göndərmirlər. Nə deyim? Sırf mənə gənclərlə bağlı tapşırıq olub. Ona görə də bu haqda düşünmürəm. Buna baxmayaraq, gənclərin təcrübəsizliyini nəzərə alsaq, qazandığımızı fikirləşirəm, heç nə itirmirik.
- Amma bir məsələ də var ki, ardıcıl məğlubiyyətlər, turnir cədvəlindəki durum gənc futbolçularda özünəinamın azalmasına, ümidlərin qırılmasına gətirib çıxara bilər...
- Dediyiniz fikirlərlə razıyam. 11 məğlubiyyətimiz var. Ancaq hər dəfə uşaqlara başa salmağa çalışıram ki, ölkə futbolu baxımından, istiqamət olaraq düzgün yoldayıq. Bizə vaxt lazımdır ki, nəticə verək. Əvəzedicilərin çempionatı keçirilsin, inşallah, bu uşaqların fərqli oynadığını görəcəksiniz.
- Komandanın bu qədər zəif çıxış etməsi, akademiyada perspektivli futbolçuların az olmasının olmasının göstəricisidir?
- Valideynlər yaxşı düşünsələr, görərlər ki, əvəzedici komandada gənclərə üstünlük veririk. Onlarda ruh yüksəkliyi olmalıdır. Görsələr ki, əvəzedicilərə yaşlıları götürüb oynadırıq, sabaha ümidləri qalmayacaq. Düşünəcəklər ki, ancaq yaşlılara üstünlük veririk. Ona görə də həm uşaqlar, həm də onların valideynləri üçün ruh yüksəkliyi olmalıdır.
- Bu mövsüm qarşıya hansı hədəflər qoyulmuşdu?
- Heç bir hədəf qoyulmamışdı. Yeni yarandığımız üçün sırf komandanı komplektləşdirməyi, gənclərə üstünlük verməyi tapşırmışdılar. Necə danışılmışdısa, elə də davam edirik.
- Birinci Divizionun səviyyəsi haqqında düşüncələriniz necədir?
- Şəxsi fikrimdir, əvəzedicilərin çempionatının Birinci Diviziondan ayrı keçirilməsinin tərəfdarıyam. Mən də futboçu olmuşam. Vallah, Birinci Divizion komandaları ilə əvəzedicilərin oyun üslubları üst-üstə düşmür. Birinci Divizion komandaları gücə, atletik futbola üstünlük verir. Ancaq biz sırf perspektivə, məzmunlu oyuna söykənmişik. Həm də yaş baxımından, əlbəttə, böyüklərlə mübarizədə qalib gələ bilməzlər. Çempionatlar ayrı keçirilsə, Azərbaycan futbolu üçün daha səmərəli olardı.
- Əvəzedicilərin Birinci Divzionda çıxış etməsi oyun keyfiyyətinin aşağı düşməsi baxımından o qədər də müsbət qarşılanmır...
- Oyun keyfiyyətinin düşməsini nəzərdə tutmuram. Heç kimə deyə bilməzsən ki, "Niyə belə oynayırsan?” Sadəcə, Birinci Divizion komandaları atletik futbola üstünlük verirlər. Əvəzedicilərin heyətindəki gənclər isə güc futbolu oynaya bilməzlər. Ona görə də geri qalırıq.
- Rəşad Sadıqov oyunlarınızı izləyirmi? Komandanın hazırkı durumu ilə bağlı onun fikirləri necədir? Söhbətləşəndə hansı iradları tutur?
- Əlbəttə, izləyir. Rəşad müəllim həmişə cavanlara diqqətli olub. Mütəmadi olaraq durumumuzu soruşur. Hətta bəzən oyunlarımıza da baxır. Bundan əlavə, əvəzedicilərdən müəyyən futbolçuları əsas komandaya dəvət edir. Hətta rəsmi oyunlarda ehtiyat oyunçular skamyasına da dəvət edir. Məsələn, bizdə 2002-ci il təvəllüdlü Samir Ağayev var. Onu kubokda meydana buraxmışdı. Məşqlərə də dəvət edir. Həmişə maraqlanır, kimin formada olduğunu soruşur.
- Belə vəziyyət sizi də narahat edirmi? Yəni bəzən olur ki, burdan ayrılıb başqa, daha iddialı komandada çalışmaq istəyəsiniz?
- Əlbəttə, məni də bir məşqçi kimi komandanın durumu qane etmir. Amma bəzən oturub fikirləşirəm ki, bu komanda ilə normaldır. Çünki gənc komandadır. Açığı, "Zirə-2”də iş olaraq məni hər bir şey qane edir. Rahatlıqdır, əvəzedicilərdəki işim sırf gəncləri üzə çıxarmaqdır. Təbii ki, turnir cədvəlində sonuncu pillədə olmaq heç kimin xoşuna gəlməz.
- "Azər Məmmədovun komandası sonucu yerdə gedir” kimi fikirlər də formalaşır...
- Belə fikirlər formalaşır. Amma futbolu bilən adamlar mənim komandamın oyununa baxanda görür ki, düzgün istiqamətdəyik. Demirəm, heyətimizdəki uşaqların hamısı böyük futbolçu olacaq. Ancaq inşallah, aralarından Azərbaycan üçün faydalı futbolçular çıxacaq.
- Növbəti mövsüm Premyer Liqada 10 komanda olacağı deyilir. Gəncəli futbolçu kimi "Kəpəz"i növbəti mövsümdə elitada görmək ümidlərin varmı?
- Açığı, Azərbaycan, bölgə futbolu baxımından yanaşsaq, əlbəttə, "Kəpəz” Premyer Liqada olmalıdır. Çünki tarixi bir klubdur. Çox sağ olun ki, gəncəli, "Kəpəz”də oynamış bir futbolçu kimi fikirlərimi öyrənirsiniz. "Neftçi”nin, "Qarabağ”ın, "Kəpəz”in tarixi klub olduğunu bilirik. "Kəpəz”in Premyer Liqada iştirak etməsi Azərbaycan futboluna gözəllik gətirər, bəzək və faydalı olar. "Kəpəz”in heyəti zəif və ya güclü olsa da, rəqiblər Gəncədə həmişə çətinlik çəkib. Çünki maraqlı, azarkeş sayı çox olub. Hamısı futbolu bilən azarkeşlərdir. Ümumiyyətlə, Premyer Liqada 10 komandanın olması müsbət qərardır.
- Komanda 4-cü pillədədir, çempionluq şanslarını necə dəyərləndirirsən?
- Hələ heç nə itirilməyib. 11 tur qalıb, fikrimcə, ən azı ilk iki pillədən birini tuta bilərlər. Heyətləri də buna imkan verir. Hətta çempionluq da yaşaya bilərlər.
- Azarkeşlərin "Kəpəz”ə əvvəlki kimi marağı var?
- Müqayisə etsək, əlbəttə, həm Birinci Divizionda oynadığına, həm də kateqoriyaya görə böyük fərq var. Azarkeş futbola istirahətə, ləzzət almağa gedir. Əvvəllər "Kəpəz” Premyer Liqada çempionluğa oynayırdı. Onda şəhərdə futbola məhəbbət daha çox idi. Biri var Premyer Liqa, biri də var aşağı dəstə komandası. Belədə istər-istəməz azarkeş "Futbola, yoxsa çörək qazanmağa gedim” məsələsində çörəkpulunun arxasınca getməyi seçir. Heç kim futbolu seçmir. Amma əvvəllər futbola getməyi seçirdilər. Yenə də səmimi, həqiqi azarkeşlər oyunlara gəlirlər. Mən də Gəncəyə rəqib kimi getmişəm. Xeyli azarkeş gəlir. Hətta indi "Kəpəz”in oyununa gələnlərin sayı Premyer Liqa oyunlarına gedənlərdən daha çoxdur.
Səbuhi Həsənov