(Yazı "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)
Сəmiyyət inkişaf etdikcə onun üzvlərinin yeni informasiya əldə etməyə, onu mübadilə eləməyə daha çox ehtiyacı olur. İnkişaf etmiş yeni informasiya texnologiyalarnın fonunda biz dünyanın hər bir nöqtəsində yeniliklərədən xəbərdar olmağa çalışırıq. Bəzən informasiya texnologiyalarının bu qədər inkişaf etməsi insanların həyatında müəyyən dəyişikliyə səbəb olsa da, bu yeniliklər vasitəsi ilə informasiyalaşma müasir dövr üçün ən böyük ixtira hesab oluna bilər.
İnformasiyalaşdırma dedikdə cəmiyyətin hər bir fərdinin maarifləndirmə, bərabərlik, innovasiya, şəffaflıq, beynəlxalq hüquq, millilik prinsiplərindən istifadə edə bilməsi üçün uyğun mühitin yaradılması nəzərdə tutulur. Bütün bunlara isə nəzarət bir sistemdə cəmlənməlidir. Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Bunun üçün də hər gün yeni işlər görülür, müxtəlif texnoloji vasitələr test edilir.
Hətta bir neçə müddət öndə Facebook-un yaradıcısı Mark Zükerberq yaxın illərdə internetin yerini alacaq yeni texnologiyanın – Metaversin anonsunu vermişdi.
O bildirmişdi ki, bu elə bir texnologiyadır ki, onu tarixin ən böyük, fərqli və həyəcanverici yeniliyi adlandırmaq olacaq. Bu, hətta insanın kosmosa ayaq basmasından da fərqli bir şeydir! Bu elə kosmosun özüdür, paralel dünyadır, dünyanın virtual kainatda başdan-ayağa yenidən dizayn edilməsi və doğuluşudur. Bu, az qala bütün xəyallarımızın reallaşmasıdır.
Mark Zükerberq bununla da real həyatla virtual həyatın birləşdiyini elan etmişdi.
Bəs bu yeniliyin müasir dövrə xidməti nə olacaq?
Metaversin yaradılması ilə oyunlar holoqramlarla real həyata keçir.
Məsələn, bir eynəyi taxdığımız an tamamilə fərqli bir dünyaya girəcəyik. Yaradılan sonsuz virtual mühitdə dostlarımızla görüşə, danışa, oyunlar oynaya bilərik. İstənilən sənətçinin konsertinə qatıla, yarışları izləyə və çox fərqli əyləncələrə dala bilərik. Və bunu həm də real hiss edə bilərik.
O qeyd etmişdi ki, metavers oyun və əyləncə ilə yanaşı, iş həyatını da virtual mühitə gətirəcək. İndi fiziki ofislər yerinə virtual mühitlərdə görüşəcəyik, təqdimatlar edəcək və toplanacaq, müzakirələr aparacağıq.
İstəsək, burada öz iş mühitimizi - ofisimizi yarada və arzuladığımız yerdə tam zövqlə çalışa bilərik.
Bir sözlə, real həyatda bacardığımız hər şeyi virtual mühitdə də istədiyimiz kimi etmək imkanımız olacaq.
Hazırki vəziyyətdə bu yeniliklərin əlçatanlılğı ölkəmiz üçün nə qədərdir?
Ekspertlərin fikrincə, hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədək bunları tam reallaşmış hesab etmək olmaz.
Bu gün regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə internetin əlçatanlığı üçün ciddi texnoloji problemlər var.
Qeyd edək ki, ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılıb. Maraqlıdır ki, ölkələrin bir çoxunda son zamanlar bu problemin həllinə, xüsusən də ucqar yerlərdə və əhali az yaşayan yerlərdə yanaşmalar xeyli dəyişib. Azərbaycanda bu problemin həlli üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni yanaşma irəli sürüb. Nazirlik bu problemi dövlət və özəl tərəfadaşlığı çərçivəsində, yəni dövlət provayderi olan "Aztelekom” və ya "Baktelecom”la digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Hətta bununla bağlı artıq nazirlik açıqlamalar da verib. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir aydınlatma olmayıb.
Bu məsələdə ən böyük inkişaf isə internetin qiyməti məsələsidir.
Bir neçə müddət öncə beynəlxalq təşkilatlardan birinin Azərbaycanda internetin sürətilə bağlı göstəricisi çap olunmuşdu. Həmin göstəriciyə görə, Azərbaycan 167-ci yerdə qərarlaşmışdı.
Hətta bir neçə provayder internet tariflərinə dəyişiklik edərək, internetin sürətini artıraraq, aylıq ödənişini 35 faizədək endirmişdi. İKT mütəxəssisləri isə düşünür ki, bu prosesdən sonra yüksək internet sürəti əldə edənlərin sayı xeyli arta bilər.
İnformasiya ehtiyac artdıqca daha bir məsələ ortaya çıxır. Bu isə informasiya təhlükəsizliyidir.
Bu sahədə əsas prinsiplərdən biri də istər daxili, istərsə də beynəlxalq səviyyədə informasiyaların təhlükəsizliyinin təmin edilməsi və qorunmasıdır.
İnformasiya təhlükəsizliyinin qorunması dedikdə elektron cinayətkarlığa qarşı mübarizə, milli maraqları nəzərə almaqla vətəndaşların və bütün təşkilatların təhlükəsiz olaraq informasiya əldə etmək və ondan yararlanmaq hüquqlarının təmin olunması üçün vətəndaşların informasiya təhlükəsizliyini təmin edən mühitin yaradılması nəzərdə tutulur.
Hətta bu gün internetin xidmətlərindən pul qazanmaq dünyada yayğın hal alıb. İnsanlar evdən çıxmadan sosial şəbəkələr vasitəsi ilə milyonlarla vəsait əldə edirlər. Çində yaranan TİK-TOK sosial şəbəkisinin istifadəçilərindən biri Charlie və Dixie D'Amelio bacıları son bir il ərzində 27,5 milyon dollar qazanıb. Dünyada belə nümunələr çoxdur. Bu isə o deməkdir ki, 21-ci əsr artıq tam mənası ilə internet əsridir. Və biz də cəmiyyət olar bu yenilikləri qəbul etməli, yeni əsrin yeni texnologiyasından istifadə etməyə alışmalıyıq.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.