Hər birimizin gündəlik rahat marşurutu olan manatlıq taksilər sabahdan əlçatanlığını itirir. İyulun 1-də "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minir. Bundan sonra manatlıq taksilər tarixə qovuşur.
Nəqliyyat eksperti Aslan Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, manatlıq taksilərin fəaliyyəti Bakı şəhərində 2000-ci illin əvvəllərindən başlayıb:
"Ona qədər bizim dilimizdə belə bir söz olmayıb. Ona görə ki, tıxac yox idi. Bu gün şəhərin hərəkətverici qüvvələrindən ən başlıcası manatlıq taksilərdir. Manatlıq taksi nədir? Bu bir növ marşurutlara alternativ nəqliyyat vasitələridir. Əgər avtobus yoxdursa və eyni zamanda müəyyən günlərdə-yağışlı, isti havada sərnişin neyləməlidir? İnsanlar toplaşıb bir yerdən digərinə getməlidir. Bu belədir. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi də cəhdlər etdi və sonra proses dayandı. Biz neyləsək də sərnişin rahatlığı üçün manatlıq taksi xidmətinə üstünlük verəcək".
Aslan Əsədov hesab edir ki, manatlıq taksilərin artmasının səbəbi əsasən tıxaclardır:
"Adamlar tıxaclarda vaxt itirmək istəmir, mənzil başına tez çatmaq istəyirlər. Bunun həllinə çalışırıqsa ilk növbədə marşurut sistemlərini tənzimləməliyik. Yeni marşurut xətləri çəkilməli, avtobus zolaqlarının sayı çoxalmalıdır. Problemlər xırdadır. Xırda-xırda toplanır və nəticədə xoşagəlməz vəziyyət yaradır".
Bahar Rüstəmli