
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında iki ölkə arasında ticarət dövriyyəsinin artdığını deyib:
"Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10 faiz, bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Bu artımda kənd təsərrüfatı məhsullarının rolu çox böyükdür. Belə ki, ticarət dövriyyəsinin artımına, əsasən, kənd təsərrüfatı mallarının ixracının artırılması sayəsində nail olmuşuq. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb. Bütün bunlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra baş verib. İki ölkə rəhbərliyi arasında əldə olunan razılığa görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artırılıb. Kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması potensialı mövcuddur".
"Qaynarinfo" xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli nazirin çıxışını şərh edərkən bəzi mqəamlara toxunub:

“Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artması çox pakizədir. Bəlkə ona görə mövsümlə əlaqədar həmişə ucuzlaşan qiymətlər bu il düşmədi, əksinə, hətta yayda belə qiymətlər artdı?! Gəlin sizə izah edim: Sənin 10 alman var, yaxın gələcəkdə də maksimum 11 alman olacaq. Əvvəl 10 almanın 8-ni yerli bazarda, 2-ni Rusiyada satırdın, indi 6 almanı yerli bazarda, 4 almanı Rusiyada satırsan deyə, yerli bazarda qiymət qalxıb, çünki mal azalıb. İqtisadi qanunların şahı - tələb-təklif qanunu işə düşüb”.
Ekspert qeyd edib ki, bir müddət məzənnəni, iqtisadiyyatın digər sahələrini idarə etmək olar, amma sonda mütləq iqtisadi qanunlar işə düşür:
"Ölkənin torpaq fondu azdır, əkinə yararlı torpaqların 30 faizdən çoxu şoranlaşıb, ərazimiz kiçik, suvarma zəif, əhali də artır. Məhsuldarlıq az, elmin tətbiqi yox, texnika və texnologiyalar çatmır, əl əməyi ilə rentabelli, gəlirli, bol məhsuldarlığı olan aqrar sektor yaratmaq mümkün deyil”.
İqtisadçının sözlərinə görə, bu sahənin yaratdığı əlavə dəyər çox azdır:
“Əgər 1 ton pomidor istehsal edib, daşıyıb, Rusiyada satsan, həmin pula, məhsulun dəyərinə cəmi 1 "iPhone" almaq olar. Əgər valyuta dalınca qaçıb, aqrar sahənin ixracını artırsaq, daxildə qiymət qalxacaq, ixracı artırmasaq valyuta gəlməyəcək. Deməli, çıxış yolu ağılla, elmlə, biliklə silahlanıb ciddi analiz aparmaq, əl əməyini minimuma endirən, məhsuldarlığı 2-3 dəfə artıra biləcək yeni texnika və texnologiyalara söykənən aqrar sektor, hətta aqrar sənaye sektoru qurmaqdır”.
Aydın
Qaynarinfo.Az