"Azərbaycan birtərəfli qaydada 10 noyabr bəyannaməsindən imtina etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Rusiya sülhməramlılarının Laçın-Xankəndi yolunda cərəyan edən prosesə müdaxilə ehtimalından danışarkən deyib. Partiya sədri bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan qanunlarına hörmət etməyə borcludur:
"Laçında keçirlən aksiya normal tədbirdir. Ona görə də ona normal yanaşmaq lazımdır. Rusiya sülhməramlıları da Azərbaycan qanunlarına hörmət etməyə borcludur. Azərbaycan hakimiyyət orqanları aksiyanın dayandırılması, dağıdılması barədə göstəriş verməyibsə, heç kim buna gedə bilməz. Göstəriş veriləcəyi təqdirdə bunu ancaq və ancaq Azərbaycan dövlətinə tabe olan polis və yaxud digər struktur bölmələri icra etməlidir. Bu mənada rus sülhməramlılarının prosesə müdaxilə etməsi Azərbaycan qanunvericiliyinə uyğun olmayan məsələdir”.
Partiya sədri yaranmış vəziyyətdə sülhməramlıların bölgəni tərk etməli olduqlarını da bildirib:
"Tək Milli Məclis deyil, hesab edirəm ki, bütövlükdə Azərbaycan dövləti sülhməramlıların artıq vaxtından əvvəl bölgəni tərk etmələrini tələb etməlidir. Çünki sülhməramlıların gəlməsini nəzərdə tutan bəyannamə Milli Məclisdə təsdiq olunmayıb. Rusiya və Ermənstan tərəfi bəyannamədə üzərlərinə öhdəlik kimi qoyulan vəzifələri yerinə yetirmir. Ona görə Azərbaycan birtərəfli qaydada həmin bəyannamədən imtina etməli, rus sülhməramlıların çıxarılmasını tələb etməlidir”.
Rüfət Sultan