Xəbər lenti

Ölkə 12:14 05.05.2022

10 yaşlı Nərminin qətl işi: “İlkinə bəraət hökmü çıxarılmalıdır" - Vəkil

"İlkin Süleymanovun barəsində bəraət hökmü çıxarılmalıdır. Amma necə hökm çıxarılacağı məhkəmənin işidir”.


Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərminin öldürülərək yandırılmasında ittiham olunan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. Onun sözlərinə görə, bu dəhşətli cinayət İlkin tərəfindən törədilməyib:

 

"İlkin Süleymanov məhkəmədə sərbəst şəkildə ifadə verib. Cinayətin baş verdiyi gündən həbsxanada qaldığı aylar da daxil olmaqla hansı işgəncələrə məruz qalıbsa, hamısını danışıb. Cinayəti necə boyununa qoyduqlarını da ifadəsində deyib. Amma ifadəsi yarımçıq qalıb, növbəti məhkəmə prosesində qaldığı yerdən məhkəmə prosesini davam etdirəcək. İlkinə qarşı bu ittihamı əsaslandıra biləcək heç bir sübut-dəlil məhkəməyə təqdim olunmayıb. Prokurorluq bunun zor gücünə alınan etirafedici ifadəsinə əsaslanır. Sonra isə məhkəmədə bildirib ki, "bu cinayəti mən törətməmişəm”, etirafedici ifadəyə nəyə görə imza atdığını da açıqlayıb. İstintaq orqanı hələ də onun işgəncə altında alınan ifadəsinə əsaslanır. Ondan başqa əllərində heç bir sübut yoxdur. Qanunvericilik deyir, baxmayaraq ki, hər hansı bir şəxsin cinayəti boynuna götürməsi yetərli deyil”.

 

Vəkil bildirib ki, istinraq orqanı onun doğrudan da cinayəti törədib-törətməməsi ilə bağlı ortaya sübutları qoymalıdır:


"Şəxs müxtəlif səbəblərdən bu cinayəti etiraf edə bilər. Məsələn, şəxs hansısa qohumunun etdiyi cinayəti öz üzərinə götürmək istəyir və yalandan həmin cinayəti törətdiyini deyir. Müxtəlif səbəblərdən istər işgəncə altında olsun, istərsə öz iradəsinə uyğun olaraq cinayəti onun tərəfindən törədildiyini boynuna ala bilər. Amma qanun tələb edir ki, bu ifadə kifayət etmir, sübutlar olmalıdır. Bu sübut da yoxdur. Buna baxmayaraq, sübutsuz işi məhkəməyə göndəriblər. Məhkəmə araşdırması zamanı bəlli olur ki, İlkinin bu cinayətdən xəbəri yoxdur”.

 

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.


Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->