Bu gün "Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan kitabın təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Tamam Cəfərova, AZEDU MMC təsisçisi Elşad Eyvazlı, kitabın müəllifi və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, məktəb psixoloqları, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
AZEDU Təhsil Portalının təsisçisi Elşad Eyvazlı kitabın dərc olunmasında əsas məqsədin məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən psixoloji problemlər, stress, mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış emosional durumlar və onun sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etmək olduğunu qeyd edib.
Tədbirdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Millət vəkili Tamam Cəfərova sosial şəbəkələr və digər bir sıra kənar təsirlərin uşaqların formalaşmasında etdiyi təsirdən və məktəb psixoloqlarının bu məsələdəki üzərlərinə düşən böyük məsuliyyət amilinə toxunub.
Kitabın həmmüəllifi və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, ETN yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova 205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova 368 səhifəlik "Məktəb psixoloqunun stolüstü kitabı"nı məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək kimi dəyərləndiriblər.
Tədbirdə təhsil ictimaiyyətinin tanınmış nümayəndələri Qoşqar Məhərrəmov, Rüfət Əsədzadə, məktəb direktorları və təcrübəli pedaqoqlar da iştirak ediblər.
"Məktəb psixoloqunun stolüstü kitabı” təqdimatda iştirak edən 200 məktəb psixoloquna hədiyyə edilib.
Bahar