Xəbər lenti

Yadigar Sadıqovdan xəbər var
Siyasət06:51 04.02.2014

Yadigar Sadıqovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elman Fəttah: “Hansı nömrədə yazısı gedir, o gün “Yeni Müsavat”ı oxumağa vermirlər...”

“Yadigar Sadıqovdan qisas alırlar. Məhkəmənin barəsində 6 il iş kəsdiyi hökm qisasın birinci hissəsidir. Bu qisasçılıq hissi o dərəcədə dərindir ki, Yadigar bəy haqda çıxan yazılar və yaxud özünün yazdığı məqalələrin çap olunduğu gün ”Yeni Müsavat" ona verilmir. Haqqında yazı olmayanda “Yeni Müsavat” və “Azadlıq” qəzetləri verilir. Hətta özüm yazıların çıxdığı qəzet nömrələrini aparıb təcridxananın dəftərxanasına təqdim etmişəm. Onu da verməyiblər".

Bu sözləri Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah qəzetimizə açıqlamasında dedi: “Onun məqalələri tez-tez çap olunur, məhkəmədə son söz çıxışı hissə-hissə dərc edilir, barəsində xəbərlər verilir. Elə ki qəzetdə Yadigar bəydən yazı oldu, həmin nömrəni ona oxumağa vermirlər. Bu da mərkəzi hakimiyyətdən gələn qisasçılığın tərkib hissəsidir. Mənimlə indi aldığınız müsahibənin çap olunduğu sayı da ona verməyəcəklər. Yəni bu dərəcədə qisas hissi ilə yaşayıb  qərarlar verirlər”. 

Müsavatçı məhbusun hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan E.Fəttahın sözlərinə görə, Qərb ölkələrinin Bakıdakı diplomatik korpuslarında görüşlər keçiriləcək: “Hökmdən sonra müdafiə komitəsi toplandı və müzakirələr aparıldı. Belə qərara alındı ki, fəaliyyətimizi Yadigar bəyin həbsinin tanıdılması, ictimailəşdirilməsi mərhələsindən azadlığa çıxmasına nail olmaq müstəvisinə keçirək. Hüquq müdafiəçilərinə və beynəlxalq təşkilatlara müraciət etmişik. Müraciətdə həbsin detallarına toxunulub, vəkilin vəsatətlərindəki hallar öz əksini tapıb. Avropa ölkələrinin diplomatik korpusları ilə görüşlər keçirəcəyik. Görüşdə komitənin üzvü Zamin Hacı da iştirak edəcək. Yadigar Sadıqovun həm siyasətçi, həm də jurnalist olduğu qeyd ediləcək. Ona 6 il cəza verilməsi məhz yazılarına görədir. Yadigar bəy ən həssas və vacib regionlardan olan Lənkəranda fəaliyyət göstərib. Lənkəran iqtidar üçün mozaik yerdir. Həm etnik tərkib, həm sərhəd zonası olması baxımdan başqa regionlardan seçilir. Yadigar bəyin yazılarına görə iqtidar etnik kartla oynaya bilmirdi. Eyni zamanda narkomaniyanın geniş vüsət alması haqda araşdırma yazıları olurdu. Bütün bunlar ən yüksək cəzanı verməklə yanaşı, qisas almağa da yönəldi”. 

E.Fəttah həbslə bağlı apelyasiya məhkəməsindən gözləntilərindən söz açdı: “Əgər söhbət qisas almaqdan və mərkəzi hakimiyyətin sifarişindən gedirsə, apelyasiya məhkəməsindən möcüzə gözləməyə dəyməz. Çox güman ki, qərar qüvvədə saxlanacaq. Siyasi konyukturanı nəzərə almalıyıq və fərqli bir qərar veriləcəyini gözləyə bilmərik. Amma apelyasiya məhkəməsi müstəqil və güclü olsaydı, təbii ki ilk məhkəmə instansiyasının çıxardığı qərarı ləğv edib bəraət verərdi”.

Komitə rəhbəri onu da dedi ki, məhkəmədə “zərərçəkən” tərəfin şahidlərinin ifadələri sübut olunmayıb, ziddiyyətli ifadələr veriblər və vəkil tərəfindən bütün bu məqamlar qeydə alınıb: “Biz Avropa Məhkəməsinə keçən mərhələni gözləyirik. Yerli instansiyalardan ədalətli məhkəmə gözləntimiz yoxdur. İnanırıq ki, ən qısa vaxtda onun azadlığa çıxmasına nail olacağıq”.

E.Fəttah fevralın 1-də Y.Sadıqovla görüşüb: “Vəziyyəti, əhvalı yaxşıdır, apelyasiya məhkəməsinə hazırlaşır. Həbsxana onu yora, əzmini qıra bilməz. Dostlara da salam göndərdi. Yadigar bəy deyir ki, həbsxanada yalnız yerli telekanallara baxa bilir”.

Y.Sadıqov Qarabağ əlili olan, narkoman olduğu aşkar edilən Rəşid Kərimov adlı şəxsi döyməkdə ittiham olunub və ona Lənkəran Rayon Məhkəməsi tərəfindən 6 il həbs cəzası kəsilib. Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları onu vicdan məhbusu sayır. ///musavat.com