Xəbər lenti

Müsavat BƏYANAT yaydı
Ölkə19:58 26.02.2013

Müsavat BƏYANAT yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının Lənkəran Təşkilatı bu gün Xocalı faciəsi ilə bağlı keçirilən tədbirin qadağan olunması ilə bağlı bəyanat yayıb. Qaynar.info həmin bəyanatın mətnini təqdim edir: 

"Bu gün Lənkəran şəhərində bir qrup sakin Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qapalı yerdə tədbir keçirməyi planlaşdırmışlar. Bu məqsədlə onlar “Sahil” çayxanası ilə öncədən razılığa gəlmişlər. Lakin polis müdaxiləsi nəticəsində çayxana qapadılıb, tədbirin planlaşdırıldığı vaxtda isə çayxananın önünə gələn polislər vətəndaşlara tədbirin qadağan olunduğunu bildirərək dağlışmalarını tələb ediblər. 

Bundan sonra Xocalı qurbanlarının abidəsi önünə gedən lənkəranlılar orada qısa anım tədbiri keçirmiş, şəhidlərimizə rəhmət oxumuş, qatillərinin cəzalandırılmasını tələb etmiş, dünya birliyini Xocalı faciəsinə qiymət verməyə çağırmışlar. Ancaq hər bir azərbaycanlının ürəyindən keçən və dəfələrlə səsləndirdiyi bu istəklərdən sonra dağılan aksiyanın üç iştirakçısı polis tərəfindən saxlanılmış, izahatları alındıqdan sonra sərbəst buraxılmışlar.

Müsavat Partiyası Lənkəran təşkilatı xatırladır ki, qapalı yerlərdə keçirilən tədbirlər üçün heç bir icra orqanından icazə tələb olunmur və Lənkəran polisinin hərəkətləri kobud qanun pozuntusu olmaqla insan hüquq və azadlıqlarının tapdanmasıdır. Digər tərəfdən, hakimiyyət orqanlarının vətəndaşlara hətta milli faciə günlərimizi anmağa imkan verməməsi, buna görə təqiblərə məruz qoyması onların vətəndaş fəallığından qorxmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Müsavat Partiyası Lənkəran təşkilatı Avropa Birliyinin, ATƏT-in Azərbaycandakı nümayəndəliklərinin, demokratik ölkələrin Bakıdakı səfirliklərinin nəzərinə çatdırır ki, Lənkəranda əvvəllər də tez-tez tapdanan insan hüquq və azadlıqları sahəsində vəziyyət son aylar ərzində tamamilə dözülməz şəkil alıb. Bu halın mütəmadi olaraq mətbuatda işıqlandırılmasına baxmayaraq diplomatik korpusun susqunluğu təşkilat tərəfindən anlaşılmır.

Müsavat Partiyası Lənkəran təşkilatı hakimiyyətdən belə addımlarına son qoymağı, insan hüquq və azadlıqlarına hörmət etməyi tələb edir, analoji vəziyyətlərdə həmişə hüququ pozulan vətəndaşlarımızın yanında olacağını bəyan edir.

Müsavat Partiyası Lənkəran təşkilatının İdarə heyəti
Lənkəran. 26.02.2013"

Qaynar.info