Xəbər lenti

2018-ci ildə dünya səssizcə dəyişib: Demoqrafiyada tarixi dönüş nöqtəsi
Dünya 20:59 05.08.2026

2018-ci ildə dünya səssizcə dəyişib: Demoqrafiyada tarixi dönüş nöqtəsi

2018-ci ildə bəşəriyyətin demoqrafik tarixində mühüm dönüş nöqtəsi baş verib. Həmin ildən etibarən dünyada 65 yaş və daha yuxarı yaşlı insanların sayı ilk dəfə olaraq 5 yaşdan kiçik uşaqların sayını ötüb. 

Qaynarinfo "Space Daily" nəşrinə istinadən ki, bu dəyişiklik demək olar hiss olunmadan baş versə də, onun təsirləri gələcək onilliklərdə daha aydın görünəcək.

Məqalədə qeyd olunur ki, bu, hər hansı ölkə və ya ailə üçün tövsiyə xarakterli məlumat deyil, BMT-nin qlobal demoqrafik göstəricilərinə əsaslanan ümumi tendensiyaların təhlilidir.

Tarixi dönüş nöqtəsi

BMT-nin məlumatına görə, 2018-ci il bəşəriyyət tarixində ilk dəfə 65 yaş və daha yuxarı insanların sayının 5 yaşdan kiçik uşaqların sayını üstələdiyi il olub.

Hazırda yaşlı əhali dünyada ən sürətlə artan yaş qrupudur. Onların payı 1974-cü ildə dünya əhalisinin 5,5 faizini təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 10,3 faizə yüksəlib. Bu isə təxminən 800 milyon nəfər deməkdir ki, həmin rəqəm Latın Amerikası və Karib hövzəsinin ümumi əhalisindən çoxdur.

İki uzunmüddətli proses eyni nöqtədə kəsişdi

Alimlər bildirirlər ki, bu dəyişiklik birdən-birə baş verməyib. İki uzunmüddətli tendensiya eyni vaxtda üst-üstə düşüb.

Bir tərəfdən, insanların ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Dünyada doğulan uşaqlar üçün gözlənilən orta ömür 1990-cı ildəki 64 ildən 2024-cü ildə 73,3 ilə yüksəlib.

Digər tərəfdən isə doğum səviyyəsi davamlı şəkildə azalıb. Dünyada hər qadına düşən orta doğum sayı 1990-cı ildə 3,31 olduğu halda, 2024-cü ildə 2,25-ə enib. 1960-cı illərdə isə bu göstərici təxminən 4 olub.

BMT bildirir ki, demək olar ki, bütün ölkələrdə əhalinin qocalması müşahidə olunur. Bunun əsas səbəbləri insanların daha uzun yaşaması və daha az uşaq dünyaya gətirməsidir. Bununla belə, bu proses müxtəlif ölkələrdə fərqli sürətlə gedir.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə baş katibinin müavini Li Cunxua 2024-cü ildə bildirib ki, son illərdə dünyanın demoqrafik mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişib. Onun sözlərinə görə, bəzi ölkələrdə doğum səviyyəsi əvvəlki proqnozlardan da aşağı düşüb, yüksək doğum göstəricilərinə malik regionlarda isə azalma gözləniləndən daha sürətlə baş verir.

Gələcək necə görünür?

BMT-nin proqnozlarına əsasən, 2074-cü ilə qədər 65 yaş və daha yuxarı insanların payı artaraq dünya əhalisinin 20,7 faizini təşkil edəcək.

2070-ci illərin sonuna doğru isə bu yaş qrupunun sayı təxminən 2,2 milyarda çatacaq və 18 yaşadək uşaqların sayını da ötəcək.

Təşkilat əhalinin qocalmasını böyük ölçüdə geri dönməz proses kimi qiymətləndirir.

Bu gələcək artıq bəzi ölkələrdə reallığa çevrilib. Məsələn, Monakodan sonra yaşlı əhalinin ən yüksək payı Yaponiyada qeydə alınıb. Yaponiyada əhalinin 29 faizi, Monakoda isə 36 faizi 65 yaş və daha yuxarı yaşdadır.

İqtisadi təsirlər barədə fərqli baxışlar

Mütəxəssislər hesab edirlər ki, əhalinin yaş strukturunun dəyişməsi pensiya sisteminə, səhiyyəyə, əmək bazarına və şəhərsalmaya birbaşa təsir göstərir.

Lakin bunun iqtisadi nəticələri ilə bağlı vahid fikir yoxdur.

"Deutsche Bank”ın baş iqtisadçısı Torsten Slok hesab edir ki, əsas sual dünya iqtisadiyyatının əmək qabiliyyətli əhalinin azalmasını məhsuldarlığın artması hesabına kompensasiya edib-edə bilməyəcəyidir.

Digər tərəfdən, iqtisadçılar Daron Acemoğlu və Paskual Restrepo tərəfindən aparılmış araşdırma göstərib ki, əhalinin qocalması ilə iqtisadi artım arasında mütləq mənfi əlaqə müşahidə olunmur. Onların fikrincə, işçi qüvvəsinin azalması ölkələri avtomatlaşdırmaya və yeni texnologiyalara daha sürətlə keçməyə təşviq edə bilər.

Məqalə müəllifləri vurğulayırlar ki, bəşəriyyətin bütün yazılı tarixi boyunca mövcud olmuş bir demoqrafik qanunauyğunluq artıq dəyişib. Bunun gələcək nəticələrinin necə olacağı isə yalnız zaman keçdikcə aydınlaşacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->