Xəbər lenti

2019-2022-2025... - Nazirlik bu rəqəmləri nə vaxta kimi uzatmalı olacaq? (ŞƏRH)
Ölkə12:21 10.03.2022

2019-2022-2025... - Nazirlik bu rəqəmləri nə vaxta kimi uzatmalı olacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avtobus parkının sıxılmış qaz və elektriklə əvəzlənməsi...
Baş nazir Əli Əsədovun imzaladığı qərarla avtobuslarla bağlı qərara dəyişiklik edilib. Belə ki, ona əsasən, 2025-ci ilə qədər avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Belə ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin müvafiq bəndində "2022-ci” sözləri "2025-ci” sözləri ilə əvəz edilib.
Görəsən, vaxtın uzadılması nə ilə bağlıdır? Hansı amillər sözügedən dəyişikliyə rəvac verib?
Bu kimi məsələlərə aydınlıq gətirmək üçün Qaynarinfo-nun suallarını nəqliyyat eksperti Ərşad Hüseynov cavablandırdı. 
- Bununla bağlı əvvəlki qərar 2019-cu ildə qəbul olunmuşdu. Burada əsas hədəf Bakıdakı marşrutlardan benzin və dizellə işləyən avtobusların yığışdırılması olub. Lakin görünən odur ki, həmin vaxt qərarı verərkən tam olaraq düzgün proqnozlaşdırmayıblar. Özü də qeyri-real bir müddəa idi. Ona əsasən Bakı şəhərindəki bütün marşrut avtobusları 2022-ci ilin yanvarın 1-nə qədər sıxışmış qaz və elektrik mühərriki ilə işləməli idi. Amma görünən odur ki, praktik olaraq həmin qərarı icra etmək mümkün olmayıb. Çünki məsələnin həlli üçün külli miqdarda vəsait lazımdır. Hazırda isə sahibkarlarda bu pul yoxdur. Ona görə ki, indi qoyulan tələblər əsasında işləyən avtobuslar ən yeniləridir və kifayət qədər bahadır. Azərbaycanda avtobus daşıyıcılığı ilə məşğul olanların əksəriyyətinin isə bu qədər sərmayə yatırmağa nə texniki, nə də maddi imkanları var. Dövlət büdcəsindən də məsələnin həlli üçün böyük vəsait ayrılacağı real görünmür. Məhz 2019-cu ildə verilən qəarın icrasının mümkünsüz olduğunu əsas gətirməklə onun icra müddətini 2025-ci ilə qədər uzadıblar. 
- Necə düşünürsünüz, növbəti 3 ildə məsələnin nəhayət ki, tam həllinə nail olmaq mümkün olacaq, yoxsa, 2025-ci ildən sonra prosesi növbəti mərhələdə yenidən uzadacaqlar?
Şəxsən düşünürəm ki, növbəti 3 ildə də məsələni icra edə bilməyəcəklər. Çünki onun icrası yaxın üç il müddətində Bakıdakı ictimai nəqliyyata, avtobus parkına bir neçə milyard manat vəsaitə başa gələcək ki, sözügedən qurumların da bu qədər böyük məbləği yoxdur.
Çünki məsələ sadəcə həmin avtobusları alıb gətirməklə bitmir. Bu avtobuslar həmçinin müasir servislə təmin edilməli, onlara qulluq olmalıdır. Bunun üçün yanacaqdoldurma şəbəkəsi də olmalıdır. Ona görə də qarşıdakı 3 ildə də verilən qərarın yerinə yetiriləcəyi ağlabatan deyil.
- Bu günə qədər paytaxtın avtobus parkının neçə faizi sıxılmış qaz və elektrik mühərrikilə təmi olunub?
- Bu işdə BakuBus və Xaliq Faiqaoğlu şirkəti şirkətləri daha aktivdir. Belə baxanda şəhərin avtobus parkının təxminən 30 faizi bu məsələni artıq həll edib. Yerdə qalan 70 faiz avtobuslar isə dizel yanacağı ilə işləyir. Benzinlə işləyənləri isə demək olar ki, yoxdur. Lakin avtobusların, elektrik mühərriki, elektrobuslarla əvəzlənməsilə iş bitmir. Avtobusların sayı artırılmalı, servis və yeni avtobus şəbəkələri də yaradılmalıdır. 
- Dediniz ki, növbəti 3 ildə də sözügedən qərardan irəli gələn məqamları həll etmək mümkün olmayacaq. Onda bu məsələnin tam həlli üçün daha neçə il vaxt lazımdır?
-  Bu barədə dəqiq proqnoz vermək çətindir. Belə yanaşma ilə məsələnin tam həllinə nail olmaq üçün ən azından 5 ildən çox müddət lazım olacaq. Hər şey yanaşmadan asılıdır. Normal yanaşma sərgiləsələr, prosesi daha tez başa çatdırmaq da olar.
- Hansı yanaşmalar olmalıdır? Daha hansı addımlar atılmalıdır ki, proses sürətlənsin?
- Düşünürəm ki, ilk növbədə investisiya mühitini dəyişməliyik. Elə bir şərait yaratmalıyıq ki, sahibkarlar prosesə böyük məbləğdə vəsait qoymaqda maraqlı olsunlar. Həmin istiqamətə yönələcək investisiyalar vergilərdən azad olunmalı, kredit faizləri sıfıra endirilməlidir. Bir sözlə, maliyyə-vergi tədbirləri hesabına daha ciddi irəliləyişə nail ola bilərik.
Rüfət Sultan