"2021-ci ildə hədəflərimizdən biri Xocalıda bərpa işlərinə başlayaraq, köçkünləri ora qaytarmaq olmalıdır".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, 2020-ci il insanlıq tarixində uzun zaman yadda qalacaq və Azərbaycan üçün isə ən gözəl illərdən biri kimi tarixə düşəcək:
"2020-ci ildə əzbərlər pozuldu, özümüzü dərk edəndən bəri hər il təkrarladığımız mənliyimizə toxunan cümlələr də tarixə qovuşdu. 30 ildir hər dəfə "torpaqlarımızın 20%-i düşmən tapdağındadır, 1 milyon qaçqın və məcburi köçkünümüz var” deyirdik. Hər yeni il qabağı və ya bayram məclislərində "İnşallah gələn yeni ili Şuşada, Qarabağda qeyd edək” kimi artıq zamanla formallığa çevrilən sağlıqlar deyirdik, bütün bu əzbərlər, rəqəmlər pozuldu. Azərbaycan olaraq 2020-ci ildə əsgərimiz və ordumuzun bilək gücü, dövlətimizin qurduğu hüquqi və faktiki ittifaqlarla böyük uğurlara imza atdıq. İlk dəfə idi ki, məhz bir mövzu - Qarabağ ətrafında daxildə də böyük ittifaq quruldu, bunun da hərbi qələbədə böyük rolu oldu və bu gün Azərbaycan əsgəri Yeni İli Şuşada qeyd edir. İndi 2021-ci ilə qədəm qoyuruq, artıq bütün dövlət sərhəddimizə (bir tək "Laçın koridoru” adlanan baş bəlamızdan başqa) özümüz nəzarət edirik - 127 km İran, 400 km-ə yaxın Ermənistan sərhəddini işğaldan qurtardıq. Bu çox vacibdir, dövlət müstəqilliyinin atributlarından biri də sərhədlərə nəzarət etməkdir".
Natiq Cəfərli qeyd edib ki, artıq 1 milyon qaçqın və məcburi köçkünümüz yoxdur:
"Cəmi 250 minə yaxın qaçqınımız var ki, onlar da zaman gələndə indiki Ermənistan ərazisindəki öz dədə-baba torpaqlarına mütləq qayıdacaqlar. Növbədi ən böyük hədəflərimizdən biri bu olmalıdır. Cəmi 50 minə yaxın məcburi köçkünümüz var ki, hələ onlar Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə qayıda bilmirlər. Amma 2021-ci ildə hədəflərimizdən biri də Xocalıda bərpa işlərinə başlayaraq, köçkünləri ora qaytarmaq olmalıdır. Artıq 20% torpağmız işğalda deyil, cəmi 3% əzəli torpaqlarımıza hələ ki, tam nəzarət edə bilmirik. Amma 17% işğaldan təmizlədiyimiz ana yurdumuz var, möhtəşəm hərbi naliyyətdir. Deməli, növbəti hədəfimiz 3% rus-erməni nəzarətində qalan torpaqlarımızda yavaş-yavaş, güllə atmadan, yeni müharibələrə rəvac vermədən, siyasi və diplomatik yolla suverenliyimizin bərpası olmalıdır. Artıq məhz biz sülh carçısına çevrilməli, regionda sülhdən biz danışmalıyıq. Çünki, 2020-də konfiqurasiya dəyişdi, hərbi qələbə sülh məsələsində bizi önə çıxartdı".
Natiq Cəfərli vurğulayıb ki, Dünya Azərbaycanlılarının böyük əksəriyyəti Qarabağ, işğalın son verməsi, ordunun əməliyyatları məsələsində həmrəy oldular:
"Bu bir daha sübut edir ki, həmrəylik etnik və ya vətəndaşlıq məsələsi deyil, mövzu məsələsidir. Biz ümummilli mövzularda həmrəy ola bilirik, bu möhtəşəm yeni səviyyədir. Həmrəylik mövzu məsələsidir, şəxs-şəxslər deyil də, ancaq mövzular ətrafında həmrəy olmaq, ittifaqlar qurmaq olar. Bunun üçün isə "özrəy” olmaq vacibdir. Yəni, öz fikri, rəyi, düşüncəsi olan maraq qruplarının olması vacibdir. Gələcəkdə elə daxili və xarici məsələlər olacaq ki, yenə iqtidarlı-müxalifətli xalqın böyük hissəsi həmrəy olacaq, elə mövzular açılacaq ki, həmrəylik Qarabağ məsələsində olduğu kimi orqanik formalaşacaq".
Bahar Rüstəmli