Şavarş Köçəryan istefaya göndərildi. Bu şəxs 12 il idi Xarici İşlər nazirinin müavini vəzifəsini tuturdu. O, Ermənistanın əsasən, Rusiya, Avrasiya İttifaqı və Qarabağla bağlı məsələlərini kurasiya edirdi. Köçəryanın istefaya göndərilməsi Ermənistan üçün çox böyük hadisədir.
Qaynarinfo xəbər verir ki, bu sözləri analitik İlkin Həsənli Ermənistanın Xarici İşlər nazirinin müavininin vəzifədən azad edilməsinə münasibət bildirərkən deyib.
İlkin Həsənli bununla Ermənistanın XİN sistemində böyük dəyişikliklər planlaşdırıldığını iddia edib:
"Bu şəxs 12 il ərzində Ermənistanın bütün XİN sisteminə az qala nəzarət funksiyasını yerinə yetirirdi. Əgər Köçəryan istefaya göndərilirsə, demək ki, Ermənistanın XİN sistemində böyük dəyişikliklər planlaşdırılır.
Üstəlik, Köçəryanın istefaya göndərilməsi, həm də rusların artıq onunla çalışmaq istəməmələri ilə bağlı ola bilər. Görünən odur ki, ruslar artıq Köçəryanın yerinə kimisə müəyyənləşdiriblər və bu da yaxın zamanlarda ortaya çıxacaq.
Ola bilər ki, rusların Köçəryanın yerinə gətirəcəyi şəxs "yeni qan" olacaq. Rusları buna məcbur edən səbəb nüfuzdan düşmüş "köhnələrlə" batmaq istəməmələri və özlərinin təsirini Ermənistanda "yenilərlə" davam etdirmək istəmələri ola bilər. Qısası, ruslar kadr siyasətlərində reformları sürətləndirirlər”.
Qeyd edək ki, dünən Paşinyan Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyanı vəzifəsindən azad edib.