"Yaxın dövr üçün Azərbaycanda Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılacaq. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə hərbi infrastruktur qurulacaq. Bütün bunlar gələn il üçün dövlət büdcəsindən müdafiə xərclərinin artırılmasını zəruri edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbçi ekspert Üzeyir Cəfərov Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda xərclərin 15,5 faizinin, 4 milyard 499 milyon manatın müdafiə və təhlükəsizlik məsələlərinə yönəldiləcəyinə münasibət bildirərkən deyib.
Bu mənada həmsöhbətimiz müharibə bitəndən sonra sözügedən istiqamətdə xərclərin artırılmasını anlayışla qarşılamağı tövsiyə edib:
"Azad edilmiş ərazilərimizdə hərbi infrastruktur qurulmalı, hərbi şəhərciklər salınmalı, sərhəd mühafizə zolağı yaradılmalıdır. Ona görə də müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan xərclərin artırılması başa düşüləndir. Növbəti illərdə bu istiqamətdə xərclər azaldılacaq. İndilikdə isə buna getmək vacibdir. Çünki yeni hərbi hissələr qurulur. Bu da xeyli vəsait tələb edir. Həmin vəsait də müdafiə və təhlükəsizlik sahəsinə məsələyə kompleks şəkildə yanaşmaqla yönəldiləcək”.
Ekspertin qənaətincə, 2023-cü ildən başlayaraq, müdafiə sahəsinə ayrılan vəsaitlər müəyyən qədər azaldılacaq:
"İndi isə bu sahənin daha çox vəsaitə ehtiyacı var. Ona görə də böyük rəqəmlərdir. Müharibəni udmağımız o demək deyil ki, yeni, daha müasir silahları almayacağıq. 2022-ci ildə ordu üçün yeni rabitə avadanlıqları, hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr alınacaq. Planda bunlar da nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizlik məsələlərinə yönəldilib. 2022-ci ildə isə bu rəqəm daha 646 milyon manat artacaq.
Rüfət Sultan