Xəbər lenti

3,7 milyard illik molekullar hər şeyi dəyişdi -
Dünya 17:00 31.05.2025

3,7 milyard illik molekullar hər şeyi dəyişdi - "Marslı" filmi gerçəyə çevrilir?

NASA ilə özəl kosmik şirkətlər arasında davam edən prioritet yarışı fonunda Qırmızı Planetdə (Mars) kəşf edilən nəhəng orqanik molekullar elm dünyasında böyük həyəcan yaradıb. Endi Veyrın "Marslı" (The Martian) romanı və filminin ssenarisi addım-addım reallığa çevrilirmi? Bu proses bəşəriyyət və elmi baxımdan hansı nəticələri vəd edir?

Qaynarinfo xəbər verir ki, son illər Mars elmi araşdırmalar və kosmosa maraq göstərənlər üçün ən böyük həyəcan mənbəyinə çevrilib. Qırmızı Planet təkcə Yerə yaxınlığı ilə deyil, insanlıq üçün yeni həyat və tədqiqat sahəsi olmaq potensialı ilə də diqqət çəkir.

NASA və özəl kosmik şirkətlər Marsa insan göndərmək məqsədi ilə texnoloji və elmi sərhədləri zorlayır. Orada həyat izlərini tapmaq, planetin keçmiş iqlimini araşdırmaq və qalıcı məskənlər qurmaq bəşəriyyətin kosmik gələcəyi üçün mühüm mərhələlər sayılır.



"Marslı" filminin proqnozu reallaşacaqmı?

Bu həyəcanı ən aydın şəkildə əks etdirən nümunələrdən biri Endi Veyrın çox satılan "Marslı" romanıdır. 2015-ci ildə eyniadlı filmə çevrilən əsər, 2035-ci ilə qədər NASA-nın Marsa insan göndərmək planlarını dəqiq və realist bir şəkildə təsvir edərək, Marsa səyahət xəyallarını geniş kütlələrə çatdırdı. Əsər texnoloji çətinliklər və insanın dözümlülüyü üzərində dayanaraq, Mars araşdırmasının əhəmiyyətini və həyəcanını ortaya qoyub.

Film Mars missiyası zamanı fırtına nəticəsində ekipaj tərəfindən öldü zənn edilərək planetdə tək qoyulan astronavt Mark Uatninin sağ qalmaq uğrunda mübarizəsini təsvir edir. O, Marsda məhdud resurslarla yaşamağa çalışır, öz ərzağını yetişdirir və Yer ilə əlaqə qurmaq yollarını axtarır. Paralel olaraq NASA onu xilas etmək üçün böyük səylər göstərir.

Ancaq 10 il sonra reallıq film ssenarisindən fərqli inkişaf edir. NASA-nın Marsa insanlı missiyaları hələ də planlaşdırma mərhələsindədir və prioritetlər əsasən Ay missiyalarına yönəlib. Mars haqqında əsl elmi irəliləyişlər əsasən robotik vasitələr sayəsində əldə olunub.



ABŞ-da "Mars, yoxsa Ay prioritet olmalıdır" müzakirələri davam edir

ABŞ-da Marsa insan göndərilməsi məsələsi uzun müddətdir kosmik siyasətin əsas müzakirə mövzularındandır. "Shift4 Payments" şirkətinin baş direktoru Cared Ayzekmanın NASA rəhbərliyinə namizədliyi, Marsınmı, yoxsa Ayınmı daha önəmli olduğu sualına veriləcək cavab baxımından xüsusi əhəmiyyət daşıyır.

İlon Mask kimi Mars mərkəzli vizionerlərin təsiri ilə agentliyin Mars hədəfləri güclənsə də, Konqresdə və Ağ Evdə Ayın prioritet sayılması yönündə güclü fikirlər mövcuddur. Çinin Ay üzərində artan fəaliyyəti ABŞ-ın strateji qərarlarına təsir etməyə davam edir. Bu mürəkkəb balans fonunda NASA-nın resursları və planlaması qurularkən, Marsa insanlı missiyalar üçün hələ də konkret və realist addımlar gözlənilir.



"Həyatımızı çox fərqli formalara daşıyacaq"

Prezident Donald Tramp və onu güclü şəkildə dəstəkləyən, seçki kampaniyasına 250 milyon dollar dəstək verən İlon Mask Marsı milli prioritetə çevirib. Bu isə artıq milyardlarla dollar investisiya qoyulan NASA-nın Ay proqramı ilə bağlı suallar doğurur.

Türkiyənin Sabancı Universiteti Mühəndislik və Təbii Elmlər Fakültəsinin astrofizika professoru Ersin Göğüş "Hürriyet"ə bildirib: 

"Mars hər iki tərəf üçün önəmli olsa da, Ay hələ də tənlikdən çıxarılmayıb. Marsa aparan çətin yolda Ay çox mühüm bir stansiyadır. Həm məqsəd, həm də aralıq dayanacaqdır. Təbii ki, Mars daha əhəmiyyətli və vacidir. Həm elmi, həm də texnoloji baxımdan Mars səyahəti üçün böyük sərmayələr lazımdır. Bu səylər nəticəsində əldə ediləcək biliklər, Yerdə gündəlik həyata tətbiq olunacaq texnologiyalarla geri dönəcək. Bu da həyatımızı çox fərqli formalara daşıyacaq".



"İnsan 2031-də olmasa da, 2030-cu illərin sonunda Marsa çox yaxınlaşacaq"

İlon Mask 2026-cı ilin sonunda Marsa pilotsuz kosmik gəmi göndərəcəyini, 2031-ci ildə isə insanların bu planetə ayaq basa biləcəyini bildirmişdi. Bəs insanlıq bu hədəfə nə qədər yaxındır?

Bu suala cavab verən Ersin Göğüş bildirib:

"Buna artıq xəyal demək olmaz. Çünki bu işlər xəyal səviyyəsini çoxdan keçib. Bu prosesi çox iddialı bir hədəf kimi dəyərləndirmək daha doğru olar. Böyük şirkətlər yalnız ciddi ticarət gözləntiləri olduqda bu qədər investisiya qoyar. Təqvim bir qədər gecikə bilər. İnsan 2031-də olmasa da, 2030-cu illərin sonunda Marsa çox yaxınlaşacaq. Marsda keçmişdə həyat izlərinin olması, həyat üçün lazım olan şərtlərin orada mövcud olduğu anlamına gələ bilər. Bu da insanlıq üçün böyük üstünlükdür. Çünki insanlı missiyalar Marsa hər şeyi özü ilə daşımaq məcburiyyətində qalmaya bilər".


Ersin Göğüş

Mart ayında nəhəng orqanik molekullar tapıldı

Keçən mart ayında Marsda nəhəng orqanik molekullar aşkar edilib. Bu isə planetdə bioloji fəaliyyətin olub-olmaması ilə bağlı sualları yenidən gündəmə gətirib. İndiyə qədər Marsda tapılan ən uzun orqanik molekullar, Yerdəki həyat tərəfindən istehsal edilən molekullara çox oxşayır. Həmin molekullar təxminən 3,7 milyard il ərzində geoloji fəaliyyət, nəmlik və ya istilikdən təsirlənmədən Marsda qorunub saxlanılıb. Bu da Marsdakı molekulların Yerdəki həyat qədər qədim olduğunu göstərir.

Bütün bunlar nə deməkdir? Mars Yerin keçmişi və gələcəyi haqqında bizə həqiqətən ipucları verə bilərmi?

Bu suala cavab verən Ersin Göğüş deyib:

"Təbii ki, verə bilər. Həyatın ilk izlərinin Mars və Yerdə oxşar zamanlarda - təxminən 4 milyard il əvvəl meydana gəldiyini bilirik. Marsın quruluşuna görə, güclü Günəş küləkləri nəticəsində atmosferini itirdiyini də bilirik. Bu da həyatın sonunu gətirə biləcək əsas amillərdəndir. Yer üçün belə bir risk olmasa da, insanın planetimizi həddindən artıq istismarı mənfi nəticələrə səbəb ola bilər".



"Mars səyahəti yeni texnologiyaların inkişafına motivasiya yaradır"

Mars səyahətinə sərf edilən milyardlarla dollar bəzi dairələr tərəfindən "Yerdəki problemlər həll olunmadan kosmosa investisiya dəbdəbədir" şəklində tənqid olunur. Bəs bu tənqidlər haqlıdırmı?

Ersin Göğüş bu sualı belə cavablandırıb:

"Bütün bu işlər mühüm bir zərurətdir. Çünki mövcud texnologiyalarla həyatın davamı asan olmayacaq. Bu planetdə rahat bir gələcək üçün daha səmərəli texnologiyalara ehtiyacımız var. Mars səyahəti bu texnologiyaların inkişafı üçün motivasiya yaradır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->