
Qanunun tələbinə görə, boş qalan dairələrdə seçki keçirilməlidir
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün onun deputat mandatı avtomatik ləğv edilmiş sayılır. Yaxın günlərdə Əli Əhmədovun deputatlığına rəsmi xitam verilməsindən sonra Milli Məclisdə boş deputat yerlərinin sayı üç olacaq.
Hazırda 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin martında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə bu yaxınlarda avtomobil qəzasında həlak olub.
Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.
Növbəti parlament seçkilərinə hələ iki il qaldığından qanunun tələbinə görə, boş qalan üç dairədə yeni seçkilər keçirilməlidir.
Bəs, həmin dairələrdə seçkilər keçiriləcəkmi?
Mərkəzi Seçki Komissiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Sarıyev bildirdi ki, qurum növbəti iclaslarının birində Milli Məclisdə boş qalan 3 deputat yerinə yeni seçkilərin təyin olunması məsələsinə baxa bilər: “Qanunvericiliyə əsasən, parlamentdə boşalan 3 deputat yerinə yeni seçkilər təyin olunmalıdır və MSK növbəti iclaslarından birində bu məsələni müzakirəyə çıxara bilər. Bir neçə gün öncəyə qədər parlamentdə 2 deputat yeri boş idi. Ancaq araya prezident seçkiləri girdiyi üçün bu il MSK həmin məsələni müzakirəyə çıxarmağa imkan tapmadı. Əli Əhmədovun baş nazir müavini təyinatından sonra məlumdur ki, Milli Məclisdə boşalan deputat yerlərinin sayı 3-ə çıxdı. MSK kollegial orqan olduğu üçün mən bu barədə dəqiq məlumat verə bilmərəm, ancaq komissiyanın növbəti iclaslarında bu məsələ gündəmə çıxarıla bilər”.
MSK sədrinin müavini Natiq Məmmədov isə “media forum” saytına açıqlamasında deyib ki, boş qalan yerlərə seçkilərin keçirilməsi prinsipcə mümkündür: “Bu məsələnin iki tərəfi var. Yəni Milli Məclisdə boşalan deputat mandatı varsa, həmin yerə mütləq kimsə olmalıdır. Bu, bir yanaşmadır. Digər tərəfdən isə kollegial fəaliyyət göstərən qurumlarda, o cümlədən Milli Məclisdə səlahiyyətlilik kvorumu var. Əgər bu kvorum yerindədirsə, prinsipcə orqan fəaliyyət göstərə bilirsə, bu zaman boş qalan yerlərə seçkilərin keçirilməsi zəruriliyini hiss etməyə bilərik. Real situasiya ondan ibarətdir ki, kollegial qurumun fəaliyyət göstərməsi üçün səlahiyyətli tərkib qurumun öz fəaliyyətini davam etdirməsinə imkan verir. Əsas məqam qurumun səlahiyyətlilik məsələsidir. Prinsipcə desəm ki, seçkiləri keçirmək qəti olmaz, bu, düzgün deyil. Amma istisna da etmək mümkün deyil”.
Xatırladaq ki, 2005-2010-cu illərdə fəaliyyət göstərmiş Milli Məclisdə də üç deputat yeri boş qalmışdı. Lalə Şövkət Hacıyeva mandatdan seçkidən dərhal sonra imtina etmişdi, Azər Əmiraslanov Prezident Administrasiyasına vəzifəyə təyin olunduğu üçün mandatı ləğv edilmişdi, Hüseyn Abdullayev isə 2007-ci ildə həbs edilmiş və mandatı alınmışdı. Ancaq onların dairələrində yeni seçki keçirilmədi və faktiki olaraq üç dairədə seçicilər 2010-cu ilə qədər deputatsız qaldılar.
Hüquqşünaslar deputatsız qalan dairələrdə seçki keçirilməməsini seçicilərin hüququnun pozulması kimi qiymətləndirirlər.
Qaynar.info