İdman 20:34 18.03.2024

33 yaşında ölən idmançının əsl xəstəliyi müəyyənləşdi: "Qaranlıq şkafda saatlarla vaxt keçirirdi"

33 yaşında vəfat edən keçmiş "Auckland Blues"in oyunçusu Billi Qayton, Yeni Zelandiyada CTE diaqnozu qoyulan ilk peşəkar reqbi oyunçusu oldu.

Qaynarinfo-nun məlumatına görə, tibb mütəxəssisləri, keçən il 33 yaşında vəfat edən Qaytonun ölkəsində degenerativ beyin xəstəliyi olan xroniki travmatik ensefalopatiya (beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləşən qan dövranının pozulması nəticəsində zədələnməsi) (CTE) diaqnozu qoyulan ilk peşəkar reqbi oyunçusu olduğunu açıqladı. Keçmiş oyunçunun 2023-cü ilin mayında ölümündən sonra ailəsi onun beynini Oklend Universitetinin beyin bankına bağışladıqdan sonera xəstəliyə tutulduğu hesab edilib. 

Beyin bankının həm-direktoru Mauris Körtis verdiyi açıqlamada, Yeni Zelandiyada bir patoloqun Qaytonda sözügedən xəstəliyin artıq ikinci mərhələdə olduğunu aşkar etdiyini və bu diaqnozun daha sonra Avstraliyadakı bir mütəxəssis tərəfindən dəstəkləndiyini söyləyib. Xəstəlik müxtəlif təmas idmanlarında başın dəfələrlə zərbə alması ilə əlaqələndirilir və şiddətli ağrılara, zehin itirlməsinə həmçinin depressiyaya səbəb olduğu bildirilir.

Qaytonun atası Con, "Radio New Zealand"a bu simptomların oğlunda aydın göründüyünü və beyin sarsıntısından sonra 2018-ci ilin əvvəlində təqaüdə çıxmalı olduğunu demişdi. Ata Qayton açıqlamasında, "İşığa dözə bilmədiyi üçün qaranlıq şkafda saatlarla vaxt keçirirdi. Bəzən səhərlər hamamda oturub ağlayır, hərəkət etmək üçün enerji toplamağa çalışırdı. Ölümündən bir neçə gün sonra Billinin bu xəstəliyi olduğunu başa düşdüm. Həyat yoldaşımla bu mövzuda sənədli filmə baxırdıq və öz-özümə dedim: "Lənət olsun, bu Billidir. O, bu idi. Əgər mən sənədli filmə baxaraq bunu başa düşə bilirəmsə, Billinin gördüyü bütün ekspertlərdə əskik olan nə idi? Ümid edirəm ki, onun ölümü bir çox cəfəngiyyatı təmizləyəcək. Reqbi hər şeyi depressiya kimi qələmə verməyə o qədər həvəslidir ki, aşkar olanı görməməzlikdən gəlirlər" - deyərək oğlunun başına gələn dramı izah etdi. 

Aralarında 2003-cü ildə İngiltərə yığması ilə dünya çempionu olmuş Stiv Tompson və Fil Vikerinin də olduğu 300-ə yaxın keçmiş reqbi oyunçusu aldıqları beyin zədələri ilə bağlı 2023-cü ilin dekabrında qanuni tədbirlər görməyə qərar verdi. Oyunçular iddia edirlər ki, Dünya Reqbi Federasiyası, eləcə də İngiltərə və Uels assosiasiyaları onların sağlamlıq və təhlükəsizliyini qorumaq üçün yetərli adekvat tədbirlər görməyib.

Başa zərbələr nəticəsində yaranan xəsarətlər neyron xəstəliyi, zehin itirlməsi, epilepsiya və Parkinson xəstəliyi kimi digər problemlər yarana bilər. Yeni Zelandiyanın reqbi federasiyası (NZR) tərəfindən verilən açıqlamada kəllə-beyin travması riskini azaltmaq üçün müxtəlif addımlar atıldığı bildirilib. NZR reqbinin uzunmüddətli təsirlərini, xüsusən də sarsıntı və uzunmüddətli beyin sağlamlığı arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün araşdırmaları dəstəklədiyini bildirib.

Səbuhi Həsənov