Bəlkə də hələ bundan yüz il sonra da politoloqlar və ya siyasətin fəlsəfəsilə məşğul olan filosoflar siyasi tərəqqi və inkişaf baxımından nəyin,- təkamülün, yoxsa inqilabın daha yaxşı olması ilə bağlı mübahisə və təhlilləri davam etdirəcəklər.
Amma ki, artıq ötən əsrin birinci yarısında dinc, zorsuz mübarizə metodları haqqında təsəvvürlərin yaranması (M.Qandi), yeni əsrin əvvəlində isə "rəngli inqilablar”ın meydana çıxması bir daha göstərdi ki, ən müxtəlif ölkələrdə insanlar bütün hallarda inqilabların dağıdıcı tərəflərinin də olmasının fərqindədirlər və hamı anlayır ki, revolyusiya ilə evolyusiya arasındakı əsl fərq iki hərfdən daha dərin və mənalıdır....
Əslində revolyusiya ilə evolyusiya arasındakı seçim artıq özü şox şey deyir, çox mətləblərdən xəbər verir və aydın məsələdir ki, hər hansı ölkədə insanların seçimi revolyusiya üzərində dayanırsa, bu, o deməkdir ki, bu ölkədə ciddi problemlər var və proseslər ən yaxşı halda dinc mübarizə ilə zorakı mübarizənin sərhədində cərəyan edəcək və tez bir zamanda bunlardan hansısa birinə tərəf meyl edəcəkdir.
Yaddışımız aldatmırsa, "rəngli inqilab”lar ilk olaraq bəzi əski sovet ölkələrində, xüsusən də Gürcüstanda və Ukraynada başladı. Bunların ardınca ərəb ölkələrində də siyasi həyəcanlanmaların başlaması siyasi praktikaya hətta yeni bir ifadə gətirdi:”ərəb baharları”.
Etiraf edək ki, ilk olaraq böyük nikbinlik vardı. 20-ci əsrin ikinci yarısında bütün müstəmləkə rejimlərinin çökməsi kimi ərəb ölkələrində dinc inqilabların başlaması da belə ümidlər yaratdı ki, artıq bütün qeyri-demokratik, avtroritar rejimlərin sonu gəlibdir, çünki əgər ərəb ölkələrində də buna qarşı etirazlar başlayırsa, bu, o demədir ki, demokratiyanın və azadlığın yeni bir dalğası, özü də möhtəşəm dalğası yetişməkdədir.
Ümidlər çox böyük idi və eyforiya içində olan insanlar bir şeyi unudurdular ki, birincisi, demokratiya, o cümlədən dinc, zorsuz inqilab yolu azad və savadlı xalqın seçimidir, ikincisi, ərəb dünyasında, eləcə də digər regionlarda baş qaldıran rəngli inqilablarda lap əzəl gündən çox ciddi, qabarıq geosiyasi çalarlar vardı və o, özünü tez bir zamanda göstərdi: inqilabların ağuşuna aldığı ölkələrdən yalnız Misirdə üzücü və böyük təlatümlər olmadı, amma hətta bu ölkədə də inqilab tez zamanda restavrasiya ilə əvəz olundu və inqilab nəticəsində hakimiyyətə gəlmiş prezident M.Mursi elə məhkəmə zalında dünyasını dəyişdi.
Digər ölkələrə, ələlxüsus da viran qalmış Suriyaya gəldikdə, çox güman ki, B.Əsədə qarşı hətta ən kəskin müxalifətdə olan insanlar belə istəməzdilər ki, proseslər indiki xarakteri alsın, çünki bu son illlərdə Suriya sözü cəhənnəmin sinoniminə çevrilibdir.
Ümumiyyətlə isə, ötən 9-10 il bir daha göstərdi ki, eyforiyaya qapılmaq və hadisələri süni şəkildə intensivləşdirmək-sürətləndirmək lazım deyil: Suriya, Liviya, Tunis və hətta Misir kiminsə hakimiyyətdən getməsilə, devrilməsilə demokratikləşən deyil. Məsələn, Qəzzafinin devrilməsindən və ölümündən sonra Liviyanın demokratikləşcəyini və hətta çiçəklənəcəyini güman edən adamlar bir suala üzərində düşünmədilər ki, Qəzzafi dövründə Liviyada demokratiya uğrunda mübarizənin hansısa bir əlamətləri işartıları olubmu? Məsələ bundadır ki, olmamışdı belə şey və o səbəbdən də Qəzzafidən sonra Liviyada demokratikləşmənin start götürəcəyini düşünmək hətta demokartiyanın özünün fəlsəfəsinə zidd bir şey idi. Uzaq Afrika səhralarında hələki yalnız bir ölkədə, Cənubi Afrikada insnlar demokratiyanın nə olduğunu bilir – o, da çox təəssüf ki, yalnız ağdərili insanlar.
İkinci məqam badur ki, bu və ya digər ölkədə demokartiya həm də o vaxt bərqərar olar ki, böyük dövlətlər də bunu istəsin, öz müdaxilələrilə prosesləri fərqli istiqamətlərə yönəltməsinlər. Məsələn, düşünülürdü ki, Misirdə nəsə ola bilər. Və demək lazımdır ki, müəyyən mənada oldu da. Amma yenə də nəzərə alınmadı ki, birincisi, uzun sürən avtoritarizmdən və eləcə də yerli mental səbəblərdən ərəb ölkələrində dərhal Avropa tipli idarəçilik və siyasi mədəniyyət bərqərar ola bilməz.
Üstəlik, proseslər göstərdi ki, dünyanın böyük gücləri hələki bu transfomasiyaya hazır deyillər, ən əsası da onları ərəblərin demokratikləşməsindən və azad olmasından daha çox başqa məsələlər qayğılandırır və düşündürür: elə bu səbəbdən də misirli insanlar bir şey dedi, geosiyasət tamam başqa şey...
Bizə elə gəlir ki, müsəlman ölkələrinə tuşlanan guya ki, demokratiya və azadlıq dalğası əslində geosiyasi niyyətlərdən başqa bir şey deyili və bu "dalğa”nı Türkiyəyə də istiqamətləndirmək cəhdləri görünəndə çox şey öz mahiyyətini faş elədi: doğrudanmı Türkiyəyə də demokratiya, azadlıq lazım idi və doğrudanmı Türkiyəyə bunu hansısa bir dini moizəçi, mübahisəli dini reputasiyası oan bir adam –F.Gülən gətirəcəkdi?
Üstəlik, Türkiyəyə qarşı indiki münasibətin özü belə böyük güclərin Yaxın Şərqdə və ümumilikdə İslam dünyasında nəyi və necə dəyişmək istədiyinə aydınlıq gətirmirmi?..
"Qaynar" Analitik Mərkəzi