"Vasitəçilər real təkliflər irəli sürə bilmirlər. Odur ki, belə təkliflərlə çıxış edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin "Ermənistan və Azərbaycan mürəkkəb kompromislərə getməlidir” fikrinə münasibət bildirərkən deyib:
"Konflikt başlayandan üzü bəri beynəlxalq təşkilatlar və bir çox böyük dövlətlərin verdikləri təkliflər aşağı-yuxarı eyni üslubda olub. "Mürəkkəb kompromislərə getmək” ifadəsinin altında nə olduğunu onu söyləyənlər heç zaman izah etməyiblər. Onu Azərbaycan bir cür, Ermənistan isə başqa cür qəbul edir. Ermənilər kompromis deyəndə Qarabağın statusunun 1989-cu il variantına qaytarılmasından dəm vururlar. Azərbaycanın verəcəyi kompromis isə ölkənin digər vətəndaşlarına verilən hüquqların Qarabağda yaşayan ermənilərə də şamil edilməsidir. ABŞ da öz növbəsində mürəkkəb kompromislər deyəndə onu fərqli qəbul edir. Bu mənada, ABŞ rəsmisinin tərəfləri mürəkkəb kompromislərə getməyə çağırması əslində konfliktin həllinə yol göstərmək demək deyil. Bu onların konfliktin həllilə bağlı bir söz deyə bilməməklərindən irəli gəlir. Beynəlxalq hüququ, nüfuzlu təşkilatların verdiyi qərar və qətnamələri analiz edəndə görürük ki, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Qarabağla bağlı təklif irəli sürən, problemin həllinə töhfə vermək istəyən istənilən dövlətin verdiyi təkliflər konkret olaraq beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanmalıdır. Bel bəyanatlar münaqişənin həllində onların real təkliflər verə bilməmələrindən qaynaqlanır. Bu cür bəyanatar səsləndirəndə konkret onun bütün detallarını da üzə çıxarmaq lazımdır. Ona görə də indiki halda ABŞ Dövlət Departamenti sözçüsünün səsləndirdiyi bəyanat sadəcə olaraq sıradan verilən bir açıqlamadır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi son brifinqdə İrəvan və Bakının mürəkkəb kompromislərə getməli olduqlarını bildirib. Onun sözlərinə görə, dövlət katibi Entoni Blinken hələ də həm Ermənistan, həm də Azərbaycan liderləri ilə sülhə nail olmaq üçün bu kompromislərə gəlməkdə köməklik etmək üçün danışıqlar aparır.
Rüfət Sultan