Siyasət 14:35 24.01.2023

ABŞ dövlət katibi Bakıya niyə zəng edib? - Politoloq

"Düşünürəm ki, bu zəngdən sonra Antoni Blinkenin Azərbaycan və Ermənistan münasibətlərinə baxışları müəyyən qədər dəyişəcək və o, real həqiqəti qismən də olsa qəbul edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını şərh edərkən deyib.
 
"Aydın məsələdir ki, Laçın-Şuşa yolunda baş verən hadisələr fonunda regiona maraq artıb. Bu prosesdə ABŞ və Avropa da aktiv rol oynamağa çalışır. Qərb dövlətləri Ermənistanın irəli sürdüyü iddialar əsasında Azərbaycana təzyiq və təsir etmək istəyir. Bu da onların əslində vəziyyətin nədən ibarət olduğunu bilməmələrindən qaynaqlanır. Azərbaycanın erməniləri blokadada saxlamaq niyyəti yoxdur və bundan söhbət gedə bilməz. Yol açıdır, humanitar yüklər daşınır, onları da rus sülhməramlıları müşayiət edir. Sadəcə, ermənilər bu məsələdən sui-istifadə edərək, Azərbaycana təzyiqin artırılmasında maraqlıdırlar”, deyə ekspert bildirib.
 


Həmsöhbətimizə görə, beynəlxalq təşkilat və ya dövlət rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşməsi, telefon danışıqları aparması vəziyyətin yerində öyrənilməsi baxımından əhəmiyyətlidir:
 
"Bu baxımdan ABŞ dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngi də maraqlıdır. Blinken vəziyyətin ermənilərin təqdim etdiyi formada olduğunu düşünür. Amma Azərbaycan Prezidentilə söhbətdən sonra o, vəziyyətin tamamilə fərqli olması ilə razılaşdı. İlham Əliyev Blinkeni 44 günlük müddət ərzində həmin yoldan keçən nəqliyyat vasitələri və insanların siyahısı ilə tanış etdi. Bu da onu göstərir ki, yol açıqdır. Ora humanitar yüklər sərbəst şəkildə daşınır. Telefon danışığı zamanı Bakının məqsədinin nə olduğu bir daha Vaşinqton rəsmisinə çatdırıldı. Düşünürəm ki, bu zəngdən sonra Blinkenin Azərbaycan Ermənistan münasibətinə baxışları müəyyən qədər dəyişəcək və o, realllığı qəbul edəcək”.

Qeyd edək ki, yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Söhbət zamanı Laçın dəhlizində yaranmış vəziyyət müzakirə predmeti olub. Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib. 

Prezident İlham Əliyev də ölkəmizin sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu vurğulayıb.

Rüfət Sultan