"Vaşinqton yeni reallıqlara uyğun davranacaqsa, ABŞ-Azərbaycan münasibətlərinə yeni təkan veriləcək. Bu, olmayacaqsa, onda münasibətlərimiz əvvəlki səviyyədə qalacaq, yaxud daha da psləşəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ Senatının uzun fasilədən sonra Azərbaycana yeni səfir təyinatını təsdiqləməsini şərh edərkən deyib.
Ekspert bildirib ki, hər bir səfirin əsas missiyası iki ölkə arasında münasibətləri inkişaf etdirməkdən ibarətdir:
”ABŞ-la Azərbaycan münasibətləri heç zaman hamar olmayıb. Elə dövrlər olub ki, münasibətlərimiz çox yaxşı olub. Bakı Vaşinqtonun dəstəyilə beynəlxalq transmilli layihələr həyata keçirib. Elə dövrlər olub ki, anlaşılmazlıqlar olub. İllərlə Azərbaycana səfir təyinatı belə olmayıb. Hazırkı dövrdə isə iki tərəfli münasibətlərdə Azərbaycan tərəfindən demək olar ki, hər hansısa bir problem yaradılmır”.
F.Məmmədov hesab edir ki, mövcud olan problemlər ABŞ tərəfinin təşəbbüsünün nəticəsidir:
”Bu problemlər Azərbaycanın daxili işlərinə qarışmaqla bağlıdır. ABŞ əvvəlki illərdə Minsk qrupunun həmsədri olaraq, indiki dövrdə isə Azərbaycanla Ermənistan arasında vasitəçi ölkə qismində rolu var. ABŞ öz siyasətini yaranan yeni reallıqlara uyğunlaşdırsa, bu dövlət regionumuzda da səmərəli ola bilər. Yeni səfir yeni reallıqları qəbul edib, öz fəaliyyətində də onu nümayiş etdirsə, fəaliyyəti də uğurlu olacaq. Bunun əksi olaraq, yeni səfirin dövründə də ABŞ-ın son bir neçə ay ərzində həyata keçirdiyi zərərli və gecikən mövqeyi sərgilənəcəksə, münasibətlərimiz irəli getməyəcək”.
Səfirin ABŞ-ın diplomatik korpusunun Şuşaya getməməklə bağlı əvvəlki ənənələrini pozub-pozmayacağına gəldikdə, həmsöhbətimiz qeyd edir ki, bu onların özlərindən asılıdır:
"Azərbaycan tərəfi dəfələrlə dəvət edib. Bu mənada yeni səfirin Şuşaya səfər edib-etməyəcəyi onun öz təşəbbüsündən asılıdır”.
Qeyd edək ki, ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə müsbət cavab verib. Onu da vurğulayaq ki, Vaşinqtonun ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.
Rüfət Sultan