Dünya 18:27 06.03.2023

ABŞ Kiyevin Krımla bağlı mövqeyini dəstəkləməyə hazır deyil - "The Hill"

ABŞ prezident administrasiyası Vaşinqtonun Krımla bağlı Ukraynanın mövqeyini dəstəkləyib-dəstəkləmədiyi sualına birmənalı cavab verməyə hazır deyil, çünki bu, onların Rusiyanı danışıqlar masasına oturtmasının yollarından biridir.
 
Qaynarinfo xəbər verir ki, bu fikri Avropadakı keçmiş ABŞ kəşfiyyatçısı, Karnegi Fondunda dövlət idarəçiliyi proqramının hazırkı direktoru Kris Çivvis bildirib. "The Hill” nəşri onun sözlərindən sitat gətirib

"Onlar düşünə bilər ki, rusiyalılara təzyiq göstərmək və onları danışıqlar masasına oturmağa məcbur etmək üçün Krım məsələsini nəzarətdə saxlamağın mənası var. Tamamilə mümkündür ki, onların siyasətini müəyyən edən məhz budur. Hətta onlar Krımın hərbi yolla Ukraynaya qaytarılacağına həqiqətən inanmasalar belə”, - Çivvis bildirib.

Qəzet qeyd edir ki, Vaşinqtonun mübahisəli mövqeyi ağır silahların, xüsusən hücum əməliyyatı həyata keçirmək və Krıma nəzarəti bərpa etmək üçün tələb oluna biləcək uzaqmənzilli raketlər, tanklar və təyyarələrin tədarükü ilə bağlı ola bilər.

Fevralın 24-də Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Krımı hərbi yolla azad etməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, bunun üçün təkcə Ukraynada deyil, digər dövlətlərin ərazilərində də insanlar hazırlanır. Ötən ilin dekabrında Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib ki, Krım "kombinə şəkildə: həm güc, həm də diplomatiya yolu ilə geri qaytarılacaq”. Co Bayden hesab edir ki, Kiyev gələcəkdə Krıma nəzarəti bərqərar edə bilər. Eyni zamanda, o qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə münaqişədə "son nəticənin nə olacağını” Ukraynaya diktə etməyəcək.

Nizami Bağırov