"ABŞ xarici siyasətində ciddi korrektələr etsə, Ankaranı yenidən öz tərəfinə çəkə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ağ Evin Ankaranı Rusiya ilə əməkdaşlıqdan imtina etməyə razı salmaq üçün təhdid və vədlərə əl atacağı barədə məlumatlara münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, ABŞ-ın xarici siyasətində son dövrlər çoxsaylı qeyri-produktiv istiqamətlər yaranıb:
"Vaşinqton Türkiyəyə münasibətdə onu özündən uzaqlaşdırır, onun istər hərbi, istərsə də iqtisadi sahədə ehtiyaclarına cavab vermir. Digər tərəfdən də Türkiyəyə necə davranmaq lazım gəldiyini diktə edir. Ağ Evin belə siyasəti ancaq o halda produktiv ola bilər ki, Ankara təklif etdiyi məhdudiyyətlərin əvəzində, ona hansısa bir yardım, kömək və ya əməkdaşlıq əlini uzatsın. Düşünmürəm ki, ABŞ-ın Türkiyəyə təhdidlərinin hər hansı bir ciddi təsiri olacaq. Sözsüz ki, ABŞ iqtisadiyyatı güclüdür, onun digər dünya regionlarına təsir imkanları var. ABŞ-ın Türkiyəyə də ortaq razılığa gələ bilməsələr problem yaradacaq təsir imkanları vardır. Amma geniş mənada əvvəllər ABŞ-a xas olmayan belə yanaşma tərzi, uzun müddət davam edə bilməz, əvvəl axır problem yaradacaq. Ona görə indiki yanaşma tərzilə bu problemin həllinin mümkün olacağını düşünmürəm".
Arif Əliyev hesab edir ki, Türkiyə siyasi elitası dünyada gedən prosesləri dərindən təhlil edir:
"Ankara bütün bunları nəzərə alır və dünya siyasətində söz sahibinə çevrilib".
Qeyd edək ki, xarici mətbu orqanlar ABŞ hakimiyyətinin Türkiyənin Rusiya ilə ticari əlaqələri davam etdirməsindən narazı qaldığı qabardıb. Vaşinqton hesab edir ki, Ankara Moskvaya sanksiyalar rejimindən yan keçməyə kömək edir.
Xarici medianın yazdığına görə, bu həftə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə gedəcək və Ankaranı Rusiya ilə əməkdaşlıqdan imtina etməyə razı salmaq üçün təhdid və vədlərə əl atacaq.
Rüfət Sultan
Şərhlər