Xəbər lenti

ABŞ rəsmilərinin Ermənistana səfərləri nəyə xidmət edir? (ŞƏRH)
Siyasət11:18 18.10.2022

ABŞ rəsmilərinin Ermənistana səfərləri nəyə xidmət edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın günlərdə ABŞ Konqresindən Ermənistana daha bir nümayəndə heyəti gələcək. Artıq səfər edəcək nümayəndə heyətinin tərkibi də bəllidir. İrəvana gələcək üzvlər arasında konqresmenlər - Endi Levin, Cim Kuper, Billi Lonq, Diana de Gett, Cerri Konolli, Con Qaramendi və Devid Prays olacaq. 
Təxminən bir ay əvvəl Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəlmişdi. Ardınca daha bir konqresmen dəstəsi də səfər məkanı olaraq İrəvanı seçmişdilər. İndi də artıq görürük ki, konqresmenlərin üçüncü nümayəndə heyəti İrəvana təşrif buyuracaq. Bundan başqa, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns avqustda qəfil Ermənistana səfər etmişdi. Anoloji olaraq, erməni rəsmilərinin də ABŞ-a səfərləri intensivləşib. 
Ermənistan rəsmilərinin son zamanlar atdığı addımlar və səsləndirdiyi fikirlər fonunda belə başa düşmək olar ki, İrəvan artıq Moskvadan üz döndərərək, üzünü Vaşinqtona tərəf çevirməyə başlayıb. Paşinyan və digər rəsmilərin Rusiyanı və onun dominant olduğu KTMT-ni 12-13 sentyabr hadisəsində İrəvana dəstək olmamaqda ittiham etməsi də ondan xəbər verir ki, Ermənistan həqiqətən də Moskvadan uzaqlaşmaq yolunu tutub. Əlbəttə ki, bunu Ermənistan təkbaşına edə bilməz. Ona bu yolda dəstək lazımdır ki, ABŞ rəsmilərinin İrəvana artan səfərləri də həmin dəstəyin verilməsi anlamına gəlir. 
Görəsən, Ermənistan ABŞ üçün niyə belə əziz olub? İntensivləşən bu qarşılıqlı səfərlər Azərbaycana, gözlənilən sülh müqaviləsinə nə vəd edir?
Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyevin bildirib ki, okeanın o tayından Ermənistana artan səfərlər İrəvanı Moskvanın çətiri altından çıxararaq, Vaşinqtonun çətiri altına almaq məqsədi daşıyır:
"Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi əsasən Avropa İttifaqı və Rusiyanın moderatorluğu altında gedir. Ona görə də, ABŞ açıq şəkildə ona qısqanclıqla yanaşır. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri fonunda anümayiş etdirdiyi mövqe onu göstərir ki, ABŞ Ermənistanı KTMT və Rusiyanın təsir zonasından çıxarmağı qarşıya məqsəd qoyub. Pelosi elan edib ki, Ermənistan ABŞ-ın təhlükəsizlik çətiri altına düşmək üçün KTMT-dən uzaqlaşmalı, Rusiyadan imtina etməlidir. Az keçməmiş ABŞ Prezidenti Co Bayden tərəfindən "Qarabağın erməni xalqı” ifadəsi işlədildi. Bununla o, birbaşa ABŞ-ın mövqeyini sərgilədi. 
Bu fonda Ermənistana ABŞ rəsmilərinin intensivləşən səfərləri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında Vaşinqtonun təşəbbüsü öz əlinə almaq cəhdinin tərkib hissəsidir. ABŞ bölgəni öz konfiqurasiyasına uyğun şəkildə şəkilləndirmək istəyir. İntensivləşən səfərlər də bu məqsədə xidmət edir. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Qarabağ istiqamətində həlledici diplomatik savaş gedir. ABŞ və Fransa burada daha çox erməni təəssübkeşi kimi çıxış etməyə fokuslanıb”. 
Ekspert hesab edir ki, ABŞ rəsmilərinin Ermənistana artan səfərləri Azərbaycana, bu iki ölkə arasında gözlənilən sülh müqaviləsinə yaxşı heç nə vəd etmir. Onun fikrincə, bu səfərlər sülh müqaviləsinin tezləşdirilməsini bir qədər ləngidəcək:
"Həmin səfərlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına deyil, əksinə bir qədər də gərginləşməsinə səbəb olacaq. Çünki belə səfərlər İrəvanı ruhlandıracaq və ondan istifadə edib, sülh prosesini sabotaja keçə bilərlər. Bu fonda İrəvan sülh prosesini ilin sonuna deyil, bir qədər də ləngitməyə nail ola bilər. Bu səfərlər normallaşma prosesinə töhfə verməyəcək”. 
Rüfət Sultan