ABŞ dövlət katibi Marko Rubio Avropa müttəfiqlərinə bildirib ki, ABŞ Rusiyaya qarşı sanksiyaları ən azı Ukraynadakı müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər qüvvədə saxlayacaq.
Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, Rubio telefon danışığında avropalı həmkarlarına sanksiyaların bundan əvvəl ləğv olunmayacağına dair təminat
verib.
Nəşrin qeyd etdiyi kimi, sanksiyaların əksəriyyəti Avropa müttəfiqləri ilə tərəfdaşlıq çərçivəsində tətbiq olunub. Buna görə də ABŞ-ın məhdudiyyətləri vaxtından əvvəl aradan qaldırmaq qərarı Avropanın Putini müharibənin maliyyələşdirilməsi üçün lazım olan vəsaitdən məhrum etmə səylərinə ciddi zərbə vurardı.
"Rubionun sanksiyalarla bağlı təminatları, Bayden administrasiyasının Rusiyanın işğalına görə tətbiq etdiyi iflicedici maliyyə sanksiyalarını yumşaldacağından ehtiyat edən Avropa müttəfiqləri üçün bir növ rahatlıq ola bilər", – Bloomberg yazır.
Eyni zamanda, Dövlət Departamentinin Rubionun Avropa müttəfiqləri ilə telefon danışığı barədə hesabatında sanksiyalar xatırladılmayıb, lakin ölkələrin "Ukraynada davamlı atəşkəsin əldə edilməsi üçün sıx əlaqədə qalmağa razılaşdıqları" bildirilib.
Xatırladaq ki, Rubio Ər-Riyadda Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra Qərbin Ukraynadakı müharibənin həlli naminə Rusiyaya qarşı bəzi iqtisadi sanksiyaları ləğv etməli olacağını bəyan edib.
Rusiya rəsmiləri də ABŞ-la aparılan danışıqların nəticələrini nikbin qiymətləndiriblər. Belə ki, Putinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarının pis keçmədiyini, tərəflərin "bir-birinin maraqlarını nəzərə almaq barədə razılığa gəldiyini" bildirib. Onun sözlərinə görə, "bütün məsələlər üzrə ciddi söhbət aparılıb".
Alpər
Şərhlər