Dünya 15:48 15.05.2023

ABŞ səfiri Rusiyadan Gürcüstana uçuşların bərpasını “təcavüzkarın hədiyyəsi” adlandırdı

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Rusiya Federasiyasının Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və bu ölkəyə uçuşların bərpa edilməsi qərarını şərh edib.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, səfirin bəyanatını Gürcüstanın Birinci kanalı yayıb.
 
"Mən bilmirəm, niyə kimsə qəddar təcavüzkar olan bir ölkənin jestini, hədiyyəsini alqışlamalıdır", - deyə Deqnan bildirib.

Amerikalı diplomat bunun çox vacib məsələ olduğunu vurğulayıb.

"Hansı aviaşirkətlərə uçuşlar həyata keçirmək hüququnun verilməsi ilə bağlı heç bir məlumat görməmişəm. Bu, onların səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün vacibdir. Təhlükəsizlik problemləri var. Əgər sanksiyaya məruz qalıblarsa, onların ehtiyat hissələrlə, xidmətlə bağlı problemləri var, bu, nəzərə alınmalı olan təhlükəsizlik məsələlərinə görə qanuni narahatlıq doğurur", - səfir narahatlığını səsləndirib.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

Artıq məlumdur ki, bu həftə Rusiyanın "Azimut” aviaşirkəti və Gürcüstanın Gürcüstan Hava Yolları Moskvadan Tbilisiyə reyslər açmağı planlaşdırır.

Rəsmi Tbilisinin nümayəndələri Moskvanın qərarını alqışlayıb və bunu Rusiyada yaşayan və evlərinə qayıtmaqda çətinlik çəkən Gürcüstan vətəndaşlarının maraqları ilə izah ediblər.

Gürcüstan prezidenti və müxalifəti bu qərarı kəskin tənqid ediblər. 

Nizami Bağırov