"Bu yazı Azərbaycana qarşı hansısa təxribat dalğası yaratmaq üçün ortaya atılıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Dağlıq Qarabağ separatçılarını Azərbaycanla görüşməyə məcbur etdiyi, imtina ediləcəyi təqdirdə isə antiterror əməliyyatı ilə hədələdiyi barədə "RİA Novosti" agentliyinin məlumatını şərh edərkən deyib:
"Bu məqalə təxribata oxşayır. Guya ABŞ tələb edir ki, Azərbaycanla Qarabağdakı separatçılar arasında danışıqlar beynəlxalq səviyyədə, üçüncü ölkədə keçirilsin. Bu, Azərbaycan üçün qəbuledilməz məsələdir. Fikrimcə, bu yazı Azərbaycana qarşı hansısa təxribat dalğası yaratmaq üçün ortaya atılıb. Kim və nə istəyirsə, tələb edə bilər. Ancaq Azərbaycan istər Rusiya, istərsə də ABŞ və ya Fransanın vasitəçiliyi ilə Qarabağ separatçıları ilə danışıqlar aparmaq niyyətində deyil. Bu, ölkəmizin daxili məsələsidir. Ona kənardan kimsə müdaxilə edə bilməz. Azərbaycan hansısa oyuncaq qurumlarla danışıq aparan deyil. Bakı bu oyuna getməyəcək. Oyunu da quran ermənilərlə Rusiyadır. Onlar şayiə buraxıb ki, guya Vaşinqton Bakıya qarşı hansısa tələblər irəli sürür. Ona görə də Azərbaycan okeanın o tayındakı danışıqlara getmir. Amma hamıya bəllidir ki, Azərbaycan texniki səbəblərdən Vaşinqton görüşündən imtina edib. Çünki Türkiyə Prezidenti Ərdoğanın Bakıya səfəri vardı. Bu oyunu davam etdirmək üçün də ermənilər belə bir nağıl uydurublar”.
Qeyd edək ki, RİA Novosti agentliyi Vaşinqtondakı "diplomatik mənbə”yə istinadən ABŞ-ın Dağlıq Qarabağ separatçılarını Azərbaycanla görüşməyə məcbur etdiyi, imtina ediləcəyi təqdirdə isə antiterror əməliyyatı ilə hədələdiyini yazıb:
"Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə "üçüncü ölkədə” Azərbaycan tərəfi ilə görüşə razılaşmağa məcbur edir. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır. Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələyib”.
Rüfət Sultan