ABŞ neft ixracını artırmaq ümidi ilə Venesuelaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırır. Belə bir tədbir Rusiya ilə qarşıdurma və OPEC+-in hasilatı məhdudlaşdırmaq qərarı ilə əlaqədar qlobal bazarda yaranmış gərginliyi azaltmaq üçün nəzərdə tutulub. Nəticədə iki il ərzində Venesuelanın neft hasilatının iki dəfədən çox arta biləcəyi təxmin edilir.
Qaynarinfo xəbər verir ki, Ağ Evin təklifi ilə tanış olan insanlar The Wall Street Journal-a
bildiriblər ki, sanksiyaların yumşaldılması ABŞ-ın "Chevron”a, eləcə də neft-mədən xidmətləri şirkətlərinə Venesuelada fəaliyyətini bərpa etməyə imkan verəcək. Bunun müqabilində Nikolas Maduro rejiminin 2024-cü ildə azad və ədalətli prezident seçkiləri üçün şərait yaratmaq üçün müxalifətlə danışıqları bərpa etməli olduğu deyilir.
Bundan əlavə, ABŞ, Venesuela hökuməti və bəzi müxalifətçilər Amerika banklarında bloklanan yüz milyonlarla dolların azad edilməsi üçün plan hazırlayıblar. Vəsait ərzaq məhsulları, dərman vasitələri və elektrik və su təchizatı sistemləri üçün avadanlıqların alınmasına yönəldiləcək.
ABŞ rəsmilərinin sözlərinə görə, sanksiyaların yumşaldılması məsələsi hələ də müzakirə olunur. Danışıqlar konkret nəticəyə gətirib çıxarmaya bilər: hər şey Venesuela hakimiyyətinin müxalifətlə ciddi şəkildə danışıqları bərpa edib-etməməsindən asılıdır.
WSJ yazır ki, Vaşinqton və Karakas arasında razılaşmanın konkret şərtləri oktyabrda hazırlanmalıdır.
Bir vaxtlar Venesuela dünyanın ən böyük neft istehsalçılarından biri olub. 1990-cı illərdə gündə 3,2 milyon bareldən çox neft hasil edib, lakin prezidentlər Uqo Çaves və Maduronun siyasəti, total korrupsiya, səmərəsiz idarəetmə və investisiyaların olmaması, Qərb şirkətlərinin biznesinin milliləşdirilməsi hasilatın tədricən azalmasına səbəb oldu. Son zərbə isə Donald Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalarla gəldi, nəticədə Venesuelada fəaliyyət göstərən son xarici şirkətlər ölkəni tərk etdi.
WSJ mənbələri bildirir ki, Venesuela ilə razılaşma neft bazarına əlavə tədarük mənbəyi əldə edə biləcəyinə dair siqnal göndərməlidir. Müzakirələr Rusiya neftinin alınmasına dair Avropa embarqosunun tezliklə qüvvəyə minməsi, Qərbin onun qiymətini məhdudlaşdırmaq niyyəti, eləcə də OPEC+-in hasilatı kəskin azaltmaq qərarı fonunda aparılır. Rays Universitetinin Latın Amerikası enerji sektoru üzrə eksperti Fransisko Monaldi deyir ki, Venesuela ilə razılaşma ABŞ və Avropanın Ukraynadakı müharibə şəraitində yeni enerji mənbələri axtarmaq üçün uzunmüddətli strategiyasının bir hissəsi ola bilər.
Şirkətin Latın Amerikasında biznesini inkişaf etdirən və Venesuela ilə işləyən keçmiş "Chevron” top-meneceri Əli Moşiri "Chevron” və digər şirkətlərin sərbəst fəaliyyət göstərə bildiyi təqdirdə, iki il ərzində ölkədə hasilatın gündəlik 1,5 milyon barrelə çata biləcəyini hesab edir.
"Bayden administrasiyasının Venesuelaya qarşı bəzi sanksiyaları yumşaltması çox məntiqlidir, daha çox resurs enerji qiymətlərinin aşağı düşməsinə imkan verəcək", - o WSJ-yə deyib.
"Argus Media”nın məlumatına görə, "Petroleos de Venesuela” dövlət şirkətinin son hesabatına görə, sentyabr ayında hasilat gündəlik 653 min barel olub. "İlin əvvəlindən sentyabr ayına qədər orta gündəlik hasilat, hesabata görə, 759 min barel olub; bir çox analitiklərin fikrincə, bu, həddən artıq optimist qiymətləndirmədir”, – "Argus Media”
yazır.
Çərşənbə günü OPEC+-in neft hasilatını azaltmaq qərarından sonra Ağ Ev karteli Rusiya ilə "birləşməkdə” ittiham edib. Buna cavab olaraq Vaşinqton strateji ehtiyatlardan neftin bazara çıxarılmasını davam etdirəcəyini və daxili bazarda neft təklifini artırmaq üçün "əlavə cavab tədbirləri” görəcəyini vəd edib.
Nizami Bağırov