"ABŞ ehtiyatla da olsa, Cənubi Qafqaz siyasətini aktivləşdirmək xətti götürüb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olsonun Azərbaycan, Ermənistan və Gürcüstana olacaq səfərini şərh edərkən deyib:
"Tək bu səfərlə bağlı deyil, bütövlükdə Dövlət Departamentinin müəyyən açıqlamalarını, yanaşmasını və siyasətini analiz edərkən, Vaşinqtonun Cənubi Qafqazda aktivləşmək istəyi aydın görünür”.
Ekspertin fikrincə, ABŞ bölgəmizə hər hansı bir formada Rusiyanı qıcıqlandırmaqla daxil olmaq istəmir:
"ABŞ həmişə Qafqaza vahid region kimi baxıb. Bu ölkədə Gürcüstan, Azərbaycan və Ermənistana ayrıca yönəlik siyasət olmayıb. Amerika daxilində indi belə çağırışlar var ki, bu siyasət dəyişməli, hər bir dövlətə özünəməxsus siyasi doktrina ortaya qoyulmalı, ABŞ-la müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun münasibətlər nizamlanmalıdır. Bu çağırışların indi həyata keçməsi mümkün deyil. Ona görə ki, Cənubi Qafqaza siyasi və hərbi baxımdan təsir gücü daha çox Rusiyaya məxsusdur. ABŞ bölgəmizə hər hansı bir formada Rusiyanı qıcıqlandırmaqla daxil olmaq istəmir. Səbəb də odur ki, onun burada yaxşılıq etmək istədiyinə Rusiya kimi dövlət pislik edə bilər. Bunu Ukraynada gördük”.
Həmsöhbətimiz düşünür ki, Olsonun bu səfəri regiondakı durumu daha dərindən analiz etməklə real vəziyyəti müəyyənləşdirməyə və ona uyğun imkanları götür-qoy eləməyə hesablanıb:
"Xüsusən görüşdə iştirak edən formata diqqət yetirsəniz, Erika Olsonun bu səfərində həm ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sədri, həm də ABŞ Beynəlxalq Əməkdaşlıq Agentliyinin Vaşinqton bürosunun direktor müavini də iştirak edir. Olson bu səfər çərçivəsində, habelə İrəvanda Amerikanın üç Qafqaz ölkəsindəki səfirlərini toplantıya toplamaqla əməkdaşlığın, regiondakı münaqişələrin, problemlərin daha dərindən analiz edilməsi, real vəziyyətin nədən ibarət olmasını, bu müstəvidə mövcud imkanları götür-qoy edəcək. Bu ənənəvi görüşlərdir və ənənəvi siyasətin davamıdır. Səfirlərin iştirakı ilə olan bu sayaq görüşlər 2018-ci ildə Tiflisdə, 2019-cu ildə isə Bakıda keçirilmişdi”.
Qeyd edək ki, noyabrın 2-4-ü arası ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olacaq. Səfər çərçivəsində həmçinin İrəvanda ABŞ-ın 3 Qafqaz ölkəsindəki səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı da keçiriləcək.
Rüfət Sultan