
"Amerikada seçkilərin nəticələri Azərbaycan üçün heç bir dəyişiklik gətirməyəcək”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə deyib. Onun fikrincə, Amerika rəhbərliyi bundan sonra hər hansı dövlətin işinə qarışmayacaq:
"Ona görə Azərbaycana qarşı nəsə bir şey gözlənilmir. Seçkilərin nəticələri haqqında nəsə demək tezdir, gözləmək lazımdır. Nəticələrdən göründüyü kimi, Bayden irəlidədir. Amma bəzi məsələlər var. Səsləri yenidən saymaq istəyirlər. Guya hansısa ştatların səslərini axıra kimi saymayıblar. Nəticələrlə bağlı hər hansı bir fikrə gəlmək tezdir. Bu gün axşam, ya da sabah tam nəticə məlum olacaq”.
Politoloq qeyd edib ki, seçkinin nəticələri ilə bağlı Ali Məhkəməyə müraciət ediləcəyi gölənilir:
"Donald Tramp deyib ki, Ali Məhkəməyə müraciət edəcəklər. Guya bəzi statlarda hesablamalar keçirilməyib. Ali Məhkəmə qərar verəcək, ancaq mən buna inanmıram”.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçirilib. Seçkidə əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.
Bahar Rüstəmli