Xəbər lenti

ABŞ-ın bu layihəsi o demək deyil ki, daha bütün işlərimiz yağ kimi gedəcək... (TƏHLİL)
Siyasət07:59 23.07.2020

ABŞ-ın bu layihəsi o demək deyil ki, daha bütün işlərimiz yağ kimi gedəcək... (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"296-cı layihə Ermənistan üçün təhlükəli məsələdir".
Bunu Qaynarinfo-ya açıqlamasında jurnalist-analitik İlkin Həsənov ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyən 296 saylı qərardan danışarkən deyib. Onun sözlərinə görə, ABŞ Konqresində Azərbaycan lehinə daha dəqiq desək, Ermənistan əleyhinə ilk dəfə olaraq bu qədər sərt qanun layihəsi qəbul edilir:
"Hələlik düzəliş sadəcə müdafiə xərcləri büdcəsinin (hərbi büdcə) layihəsində yer alıb. Onun tam qüvvəyə minməsi üçün isə Senat və Prezident tərəfindən təsdiqlənməsinə ehtiyac var. Bununla belə, Nümayəndələr Palatası kimi yerdə belə bir düzəlişə nail olmaq əslində böyük uğurdur. Bildiyiniz kimi, Nümayəndələr Palatasında daimi olaraq erməni lobbisinin böyük təsir imkanları olub. Xüsusilə, Konqresin aşağı palatasında Amerika Erməniləri Milli Komitəsi (ANCA), Amerika Erməniləri Assambleyası daimi olaraq aktiv iş aparır. Məsələn, Nümayəndələr Palatasında erməni kokusu var və buranın üzvlərinin sayı adətən 90 konqresmendən az olmur. Hazırkı Nümayəndələr Palatasında onların sayı təxminən 114 nəfər olmalıdır. Yəni 114 konqresmen birdən birə ermənilərin Konqresdə mövqelərini müdafiə edir. Bu konqresmenlər sırasında isə həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından kifayət qədər nüfuzlu nümayəndələri var. 296 saylı düzəliş qəbul olunana qədərki müddət ərzində ABŞ daima Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. ABŞ icraedici hakimiyyətinin sərgilədiyi mövqe ilə ABŞ Konqresinin Azərbaycana qarşı göstərdiyi davranışlar arasında daima fərqlər olub".
İlkin Həsənov qeyd edib ki, bu düzəliş müəyyən bir zaman üçün olsa belə, mövqe fərqliliyin müəyyən qədər ortadan qalxmasına gətirib çıxarıb:
"Əslində düzəlişin başqa məqamı Azərbaycan torpaqlarının işğalı faktının tam etiraf edilməsi üçün imkanın yaranmasıdır. Yəni, kobud formada desək, indiyə qədər Qərb ölkələri postsovet məkanında işğal dedikdə ağıllarına gələn yalnız Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanı olurdu. Bunun da səbəbi həmin ölkələrin Qərblə münasibətlərinin daha intensiv formada inkişafı və burada konflikt tərəflərindən birinin Rusiya olmasıyla bağlıdır. Qarabağ məsələsində birbaşa Rusiya faktorunun olmaması və bir sıra digər səbəblər ucbatından Bakı daima bu məsələlərdən kənarda qalırdı. Məhz indiki düzəliş artıq Azərbaycanın da bu ölkələr siyahısına qoşulmasına və Ermənistanın artıq işğalçı kimi tanınmağa başlanmasıyla nəticələnə bilər. Əgər hərbi büdcə layihəsi indiki formada qəbul edilərsə, Ermənistan bunun nəticəsini digər bütün sənədlərin hamısında hiss etməli olacaq. Bununla belə, bu layihə o demək deyil ki, Azərbaycanın ABŞ-la bağlı bütün işləri tam maneəsiz, bədii formada desək, yağ kimi gedəcək. Belə ki, 296-cı düzəlişlə bərabər, müdafiə xərcləri büdcəsi ilə bağlı layihəyə 66 və 397 nömrəli düzəlişlər də təklif edilmişdi. Bu düzəlişləri erməni kokusunun üzvü olan Frenk Pallone, Adam Şif, Ceki Şpeyer və Bred Şerman hazırlamışdı. 66 nömrəli düzəliş qəbul edilməsə də, 397 nömrəli düzəlişi qəbul etmək mümkün olub".
İlkin Həsənov hesab edir ki, bu düzəliş daha çox ABŞ-ın Azərbaycana etdiyi hərbi yardımla bağlıdır: 
"Bu yardım bundan öncəki iki il ərzində 120 milyon dollar təşkil etmişdi ki, bu da özlüyündə böyük rəqəmdir. 397-ci düzəlişə əsasən, ABŞ bu yardımı təqdim etməzdən əvvəl ABŞ Dövlət katibi Konqresə Azərbaycandakı insan haqlarıyla bağlı hesabat təqdim etməlidir. Hər bir halda müəyyən təhlükəsi olsa da, düzəliş dəhşətli dərəcədə qorxulu deyil. Büdcə layihəsi Konqresin yuxarı palatası tərəfindən hələlik tam təsdiq edilmədiyi üçün onun gələcəkdə tətbiq edilib-edilməyəcəyi bilinmir. 296-cı layihə Ermənistan üçün təhlükəli məsələdir. Bunu İrəvanda çox gözəl anlayırlar. Ona görə də mümkün qədər düzəlişin təkcə anti-erməni yox, həm də anti-Rusiya xarakterli olmasıyla bağlı təbliğatı həyata keçirilir. Əslində burada müəyyən qədər haqlı məqamlar var. Biz onsuz da Qarabağın işğal olunmasının dolayısı yolla Moskva və onun bölgədəki geosiyasi maraqlarıyla bağlı olduğunu çox gözəl bilirik. Buna görə də bu düzəliş təsdiqlənərsə, o, Azərbaycan üçün müdafiə yastığı ola, Bakının gələcək addımlarıyla bağlı qərarların qəbulunda mühüm imkan ola bilər. 
Unudulmaması gərəkən əsas məqamlardan biri də Azərbaycanın son müddət ərzində tətbiq etdiyi siyasətdir. 2018-ci ilin fevralında Azərbaycan balanslı siyasətdən rəsmən imtina etdi. Prezidentin Real TV-də çıxışından indiyə qədər olan dönəm ərzində ölkədə baş verən hadisələrə və proseslərə diqqətlə nəzər yetirin. Ölkənin xarici və daxili ilə bağlı baş verən proses və problemlərin intensivliyi o qədər yüksəlib ki, hadisələrin necə cərəyan etdiyini və nəyə gətirib çıxardığını müşahidə etmək həddən artıq çətinləşib".
İlkin Həsənovun fikrincə, son dövrlərdə Azərbaycan hakimiyyətinin atdığı addımları, xüsusilə, Tovuz təxribatı dövrü və ondan sonrakı dönəmdə verilən açıqlamaları təhlil etsək, Bakının xarici siyasətində yönəldiyi tərəflərdən birinin yavaş-yavaş ağır gəlməyə başladığını görərik:
"Görünən odur ki, yeni dünya nizamının formalaşdığı dönəmdə Bakı artıq Qərblə, xüsusilə ABŞ-la münasibətlərinə daha çox önəm verməyə cəhdlər edəcək. Ən azından hakimiyyət artıq şimaldan və digər yönlərdən gələn təhdidin daha təhlükəli forma aldığını və dünya nizamının yenidən formalaşmasına startın verildiyi dönəmdə özünün birbaşa öz bufer zonasını itirmək istəməyən Moskvanın hədəfində olduğunu görür. Ən azından buna sübut Tovuz təxribatı və onun doğurduğu nəticələr oldu. Ona görə də indiki halda Azərbaycan mümkün qədər özünü qorumağa və yeni dəyişikliklərdən faydalanmağa çalışır. Hər bir halda yaxın illər məhz bu faktorlar ucbatından Azərbaycan üçün çox gərgin keçəcək və Bakı üçün mühüm qərarlar, sərt seçimlər etmək ehtimalı yaranacaq. Bu isə Azərbaycanın dərhal gedib hansısa alyansa qoşulması anlamına gəlməməlidir. Buna ən azından mane olan Bakının daha iki il Qoşulmama hərəkatına sədrlik etməsidir. 2020-ci ildən sonrakı dönəmdə bölgəmiz, eləcə də Rusiya və İranla bağlı gərginlik yüksələrsə, eləcə də Azərbaycanın aktivliyi və Azərbaycanla bağlı qonşularının aktivliyi artarsa, 296-cı düzəlişə bənzər başqa qanun layihələrini görmək mümkün olacaq".
İlkin Həsənov sonda bir daha bildirib ki, Azərbaycan ehtiyatı əldən verməməli və qonşularıyla bağlı siyasətdə xüsusilə diqqətli olmalıdır.
Qeyd edək ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını bir daha dəstəkləyərək 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində həlak olmuş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Bahar Rüstəmli