Xəbər lenti

ABŞ Rusiyaya enerji sanksiyası tətbiq etmək üçün alternativlər axtarır (ŞƏRH)
Ekonomiks11:19 01.03.2022

ABŞ Rusiyaya enerji sanksiyası tətbiq etmək üçün alternativlər axtarır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bunun üçün rezerv variantlar axtarılır. Variantlardan biri İran, ikincisi Venesueladır. Bu iki ölkənin neft həcmləri bazara çıxarılarsa, Rusiya neftindən imtina edilsə belə, bazarda yumşaq balansın yaranması təmin olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz mütəxəssisi Zəfər Vəliyev ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə rəğmən, hələ də enerji sektorunun bu sıraya daxil edilməməsinin səbəblərindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, ABŞ təbii qazla bağlı sözügedən istiqamətdə konkret qərar verməkdə çətinlik çəkir: 
"Çünki Rusiya qazının ixracına qadağa qoyulsa, Avropada təbii qazla bağlı kifayət qədər problemlər yaşana bilər”.
Bununla belə, Z. Vəliyev bildirir ki, Qərbin və ABŞ-ın Rusiyaya qarşı enerji sektorundan hələlik silah kimi istifadə etməməsinin əsas səbəbi Ukrayna ətrafında cərəyan edən hadisələrlə, daha doğrusu, Kiyevlə Moskva arasında aparılan danışıqlarla bağlıdır: 
"Danışıqların nəticəsi olaraq bu istiqamətdə də rəsmi qərar verilə bilər. Rusiya yenidən Ukrayna şəhərlərini bombalamaqla ölkənin suverenliyini təhdid altına alacaqsa, dünya birliyi şimal ölkəsinin enerji sektoruna da müəyyən müdaxilələr edəcək”. 
Ekspert Qərbin enerji sektorunda fəaliyyət göstərən özəl şirkətlərinin isə artıq Rusiyaya qarşı sanksiyalara başladığını qeyd edib: 
"Düzdür, Rusiyanın neft və qaz ixracına hələlik Qərb tərəfindən rəsmən sanksiyalar tətbiq olunmayıb. Amma qeyri-rəsmi müstəvidə olsa da, görürük ki, Ukrayna hadisələri Rusiyanın enerji sektoruna öz mənfi təsirini göstərməkdədir. Ukrayna böhranı ilə əlaqədar Qərbin Rusiyanın enerji sektoruna embarqo tətbiqinin ilk işartıları əslində görünməkdədir. BP, Shell və digər özəl şirkətlər Rusiyadakı və boru kəmərlərindəki aktivlərdən tam imtina edib. Beynəlxalq qınağın qarşılığında yaxınlarda digər Qərb şirkətləri də Rusiyadakı enerji aktivlərindən imtina edəcək. Nəticədə artıq Rusiyanın Qara dəniz və Baltik dənizi limanları üzərindən neft, neft məhsulları, neft-kimya məhsullarının ixracında ciddi problemlər yaranıb. Avropa və Asiya bankları bank təminatı verməkdən imtina edir. Daşınma şirkətləri də Rusiya limanlarına yan almır. Bir çox limanlarda rus gəmilərinə həbs qoyulub. Yaxın dövrdə Rusiyanın yanacaq daşıyan gəmilərinin beynəlxalq sulara daxil olmasına da məhdudiyyətlər qoyula bilər. Qarşıdakı dövrdə Rusiya limanları sanksiya altına düşəcək. Aparıcı treydinq şirkətləri, "Trafikura”, "Merkuri” və digərləri rus neftinin tədarükündən imtina edir. Proses davam edəcək”. 
Qeyd edək ki, Kanada hakimiyyəti Ukraynadakı vəziyyət fonunda Rusiya Federasiyasından neft idxalını qadağan etmək niyyətindədir. Bu barədə bazar ertəsi Kanadanın baş naziri Castin Trüdo keçirdiyi mətbuat konfransında bildirib. ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem isə deyib ki, ABŞ administrasiyası Rusiya Federasiyasının enerji sektoruna qarşı sanksiyalar tətbiq etməli və ABŞ-da enerji resurslarının istehsalını artırmalıdır.
Rüfət Sultan