Qondarma Abxaziya respublikasının prezidenti Aslan Bjaniya istefa ərizəsi imzalayıb. Moskva müxalifətlə münaqişədə onun tərəfini tutub, lakin bu, ona "dövlət başçısı” postunu saxlamağa kömək etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo”
yazır.
Müxalifət artıq bəyan edib ki, "Abxaziyada avtokratiya mümkün deyil”. "RİA Novosti” agentliyi çərşənbə axşamı səhər köşə dərc edərək, istefaya səbəb olan Rusiya sərmayəsinə dair sazişin "istənilən halda qəbul ediləcəyini” bildirib.
Qondarma respublikanın "prezident"inin mətbuat xidmətinin dərc etdiyi sənədə görə, Bjaniya "ölkədə sabitliyi və konstitusiya nizamını qorumaq üçün” istefa verib. Həmçinin, hakimiyyətin müxalifətlə danışıqlardan sonra imzaladığı protokola əsasən, "baş nazir” Aleksandr Ankvab və "Dövlət təhlükəsizlik xidmətinin rəhbəri” Dmitri Dbar istefaya getməlidir, Abxaziya müxalifət liderlərindən biri Adqur Ardzinba bildirib.
"Vitse-prezident" Badra Qunba "prezident” səlahiyyətlərini icra edəcək, keçmiş "hökumət başçısı” Valeri Bqanba isə "baş nazir” səlahiyyətlərini icra edəcək. Daha sonra ölkədə növbədənkənar "prezident seçkiləri” keçiriləcək, "parlamentin spikeri” Laşa Aşuba bildirib.
Həmçinin, "prezident"lə müxalifətin imzaladığı sazişdə deyilir ki, etirazçılar çərşənbə axşamı hökumət binaları kompleksini tərk etməlidirlər. Bu bənd yerinə yetirilməsə, "prezident” istefasını geri götürəcək. "İnterfaks” yazır ki, etirazçılar artıq Suxumidə prezident administrasiyasının qarşısındakı meydanı tərk etməyə başlayıblar.
Müxalifətlə iqtidar arasında danışıqların sonuncu raundu ötən gecə başlayıb və yeddi saatdan çox davam edib. Danışıqlardan sonra müxalifət liderləri "prezident administrasiyası” binası qarşısında toplaşan etirazçılar qarşısında çıxış ediblər. Çıxış edənlərin üzərində Rusiya bayraqları olub.
"Bu gün biz burada sevinirik. Abxaziyada avtokratiya qeyri-mümkündür”, deyə Ardzinba etirazçılar qarşısında çıxışında bildirib.
Xatırladaq ki, Abxaziyada etirazlar noyabrın 12-də başlayıb. Ölkədəki siyasi böhran Moskvanın imzalatmaq istədiyi sazişinin nəticəsi olub. Saziş Abxaziyada Ruisya biznesi üçün böyük güzəştlər nəzərdə tutur. Sənəd Rusiyanın maliyyə təzyiqi ilə qəbul edilib. Hakimiyyət sazişin noyabrın 15-də parlamentdən geri götürəcəyini vəd edib.
Noyabrın 15-də etirazçılar parlament binasına soxulub, nəticədə 14 nəfər xəsarət alıb. Noyabrın 16-da Bjaniya paytaxtı tərk edərək, Suxumidən 40 km aralıda yerləşən ata-baba kəndi Tamışa köçüb. Daha sonra o, komandası ilə birlikdə işləməyə davam edəcəyini bildirib.
Moskva cümə günü Bjaniyanı dəstəkləyib. "Müxalifət qüvvələri, təəssüf ki, ölkənin qanuni hakimiyyəti ilə fikir ayrılıqlarını sivil, qarşılıqlı hörmət əsasında dialoq yolu ilə həll etməyi mümkün saymayıb və hüquqi çərçivədən kənara çıxıb, münaqişənin genişlənməsinə təhrik ediblər”, deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bazar ertəsi bildirib ki, Abxaziyada baş verən hadisələr Abxaziyanın bir "dövlət” kimi yaşamaq qabiliyyətini şübhə altına alır.
"RİA Novosti" agentliyi Abxaziya prezidentinin istefası ilə bağlı belə məlumat yayıb: "Abxaziyada Rusiya ilə investisiya sazişi ətrafında yaranan etirazlarla bağlı vəziyyət dünən axşam prezidentin və baş nazirin istefaları şəklində yeni müstəviyə keçib. Müxalifət baş verənləri siyasi böhranın həlli kimi qəbul edib”.
Daha sonra saytda bir köşə dərc olunub və orada deyilir ki, iqtidar-müxalifət münaqişəsinin nəticəsindən asılı olmayaraq, "Xarici sərmayə haqqında qanun istənilən halda qəbul olunacaq, çünki Rusiyadan böyük pul cəlb etməkdə ən çox marağı olan abxazların özləridir”.
Nizami Bağırov
Şərhlər