Məmməd Süleymanov
Dekabrın 23-də Azərbaycan SSR Xalq artisti Çimnaz Babayeva vəfat etdi. Saytlar xəbəri eyni foto, bir neçə abzaslıq eyni mətnlə yaydı. Və aydın oldu: jurnalistlər Kimi itirdiyimizdən xəbərsizdir.
O isə istedadlı balerina və baletmeyster, ən təsirli Sevgi tarixçələrindən birinin həmmüəllifi, Fərhadının Şirini, Məcnununun Leylisi idi.
Jurnalistlər onun öz doğum günündə vəfat etdiyinə də fikir vermədi - nə əcəb, başqa vaxt bu detalı nəzərdən qaçırmazdılar. Bəs necə? - başlığa "Xalq artisti öz ad günündə dünyasını dəyişdi” cümləsini çıxarırsan, əlavə 20-30 oxucu və baxıcı da qənimətdir.
Beləcə, Böyük bir insanın ölümü postmodernist dövrün hər şey sadəcə bir anlıq informasiyaya çevrilməlidir prinsipinin epizoduna döndü. Əsas odur ki, bir informasiya da qabağa düşsünlər. Xəbər lentində kriminalla şou-biznes arasında sıxılıb qalmış bir informasiya.
Birinci dəfə deyil ki?! Makareviçin "Brodskinin xatirəsinə” mahnısını bir daha xatırladım. Əhəmiyyətsiz informasiyaları sadalayıb qurtarandan sonra vidalaşmağa hazırlaşan aparıcı tələm-tələsik sonuncu xəbəri deyir: "Və sonda. Brodski vəfat edib. Ürəkdən”.
İlk xəbər sonuncu xəbərə çevrilir.
Eynilə bu tragifarsı kitabları əl-əl gəzən Əlibala Hacızadə; Ədəbiyyatın sal qayaları Qılman İlkin və Ələviyyə Babayeva; azərbaycanlılarıe hamısını eyni vaxtda TV qarşısında əyləşdirməyi bacarmış yazıçı (və alim) Aslan Qəhrəmanov və rejissor Tariyel Vəliyev vəfat edəndə də görmədikmi?!.
***
Çimnaz Babayeva cəmisi 31 yaşı olanda Azərbaycan SSR-in Xalq artisti adını alır (indiki Azərbaycandan fərqli olaraq, Sovet dönəmində bu ada layiq olmaq lazım idi).
İlk balerinamız Qəmər Almaszadənin yetirməsi idi. Biz onu Arif Məlikovun "Məhəbbət əfsanəsi”ndə Şirin, Qara Qarayevin "Yeddi gözəl”ində Ayşa kimi yadda saxladıq.
O, Şostakoviçin "Xuliqan”ında Xanım, Adanın "Jizel”iində Jizel, Əfrasiyab Bədəlbəylinin "Qız qalası”nda Gülyanaq oldu.
O, Qara Qarayevin "Şur” və "Nəsimi haqqında əfsanə”sində, Minkusun "Don Kixot”unda səhnəyə çıxdı.
Ona dünyanın böyük səhnələrində əl çaldılar. Parisdə həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Leyli və Məcnun”u oynadıqdan sonra Fransa qəzetləri heyranlıqlarını gizlətmədi, "Yumanite” isə yazdı: "Fransanın yeni kumiri var. O, Vladimir Pletnyovdur”.
Çimnaz Babayeva - Vladimir Pletnyov
Onda onlar hələ bilmirdilər - elə həyatda da qismətlərinə o böyük sevgi yazılıb. Məcnun vaxtsız gedəcəkdi, Leyli isə ömürlük keçmişə sığınacaqdı.
Halbuki, onların hər bir uğuruna deyirdilər: Bu, hələ başlanğıcdır.
Başlağıc çox tez sona çevrildi.
Azərbaycan teatrının aparıcı rəqqası, balet dünyasında şimşək kimi çaxıb meteor kimi çıxıb gedən Pletnyov artıq 32 ildir dünyada yoxdur.
İllərin xəstəsi Çimnaz Babayeva, dünənin səhnə, əbədiyyətin sevgi simvolu nə vaxtdır heç öz Məcnununun məzarına da baş çəkə bilmirdi.
Onlar dünyaya qanadlı gəlmişdilər. Sevimli Marina Svetayeva yenə haqlı çıxdı: "Qanadlar uçuşda açılırsa - Azadlıqdır, kürəyinin arxasında isə - yük”.
Onlar Sovet sivilizasiyasının bir parçaları idi - Marksın təbirincə "Az şeyi olub, çox şeyə dəyən insanlardı”. Və bu günün fəlakətləri fonunda, banallıq və şablonun dəyərə çevrildiyi qaranlıq illərdə hər ikisinin unudulması da, yenilər tərəfindən tanınması da daha çox qaydadır, nəinki istisna...
***
Vladimir Pletnyov artıq 20 yaşında əsas partiyaları oynayırdı. "Xuliqan”da da, "Nəsimi haqqında əfsanə”də də, "Şur”da da, "Yeddi gözəl”də də onun tərəf-müqabili Çimnaz Babayeva idi.
Onlar bir-birini lap çoxdan - hələ uşaqkən, Xoreoqrafiya məktəbindən tanıyırdılar. Ancaq ailə quranda hər ikisinin 33 yaşı vardı - həmin. Vaxt Vladimir növbəti dəfə Çimnaza evlənmək təklif edir.
Bu, onuncu təklif idi. Doqquz dəfə Çimnaz təklifə "yox” demişdi. Bu dəfə cavab "Hə” olur.
İki ulduzun (həqiqi ulduzun) səhnə birliyi ailə ittifaqı ilə möhkəmlənir. Ancaq nə biləydilər ki, fəlakət yaxındadır.
Ayağında olan ilk ağrılara Pletnyov biganə yanaşır: keçib gedər. Ancaq keçmir. Və Çimnazın çoxsaylı təkid-israrından sonra həkim çağırılır. Diaqnoz: obliterasiyaedici endarteriit (ayaq damarlarının tıxanması). Rəqqas üçün bu, ən ağır diaqnozdur yəqin ki.
Birinci əməliyyatda damar dəyişdirilir. Sonra bir ayaq dizdən aşağı amputasiya olunur. Sonra iinci ayaq da kəsilir.
Bu illər onların böyük sevgisinin sınağı olur. Çimnaz Babayeva şöhrətinin zirvəsində səhnədən uzaqlaşır, bütün ömrünü həyat yoldaşına sərf edir. Buna təəccüblənənlər də az olmur - sənətini atıb şikəstə qulluq etmək?!
Onlar təslim olmurlar. Pletnyov iki ayağında protezlə hər gün Opera və balet teatrının pillələrini qalxır, məşqlər keçirir, tələbələr hazırlayır. Hətta ikilikdə Voronejə, Tbilisiyə, Leninqrada gedib tamaşalar qoyurlar.
Pletnyovun gündəliyində bu haqda bir çox qeydlər var. Oxuyursan və təsdiqləyirsən: budur böyük sevgi.
"Moskva. Klinika. 1981-ci ilin payızı. Sənin bütün fikirlərin də, gizlətdiyin kədərin də burada, mənim palatamdadır. Sən mənimləsən, əzizim. Və yenə sükut. Rahat yuxuya gedirəm. Sabah çiçək dəstəsi ilə yanıma gələcəksən. Mən xoşbəxtəm..”
Daha bir qeyd:
"Moskva. Klinika. 1982-ci il. Mənim əzizim. Sən yanımda, ancaq döşəmədə yatmısan (xəstəxanada ədyal və döşəkdən başqa heç nə tapılmadı). Mən isə yuxuya gedə bilmirəm. Səni fikirləşirəm. Fəlakət baş verən kimi sən bir saniyə də olsun verdiyin qərara şübhə ilə yanaşmadın. Uğurla başladığın "monoloq”unu axıradək söyləmədən səhnəni tərk edin. İnanıram: biz yaşayacağıq və ümidin ardınca gedəcəyik. O səhvdir ki, xoşbəxtlik bizim olmadığımız yerdədir. Xeyr, o, harada sən varsansa, oradadır...”
Vladimir Pletnyov uzun mübarizədən sonra 1988-ci ilin fevralında 42 yaşında vəfat edir.
***
Onların portretinə daha bir ştrix. Vladimirin dostu, "Oqonyok” jurnalında onun barəsində məqalə dərc etdirmiş Dmitri Lixanov "Biz cazdanıq” filminin təsiri altında ssenari yazır, şikəst rəqqasın həyatını ekranlaşdırmaq istəyir. Və nəyə görəsə, Vladimirin buna sevinəcəyini fərz edir.
Ssenarini Bakıya yollayır. Vladimirin cavab məktubu sərt olur: "Dima! Məncə, biz sənə sadəcə yüksək hisslərə qadir olmayan əyalət aktyorları kimi görünürük. Ancaq nə qədər qeyri-tipik olsa da, bütün dövrlərdə qanadlarla doğulmuş insanlar olub və olacaq”.
Bu məktubu Vladimir vəfatından bir neçə ay əvvəl yazıb. Onun ölümündən sonra Lixanov Bakıya - Çimnaz Babayevaya zəng vurur və ondan bu kəlmələri dinləyir: "Sən bunu etməməliydin. Onda bəlkə Vladimir də ölməzdi”.
Bəli, onlar tamamilə fərqli sivilizasiyanın övladları idi. Onlar öz kədərlərini, dərdlərini və itkilərini nəinki başqalarının qarşısında sərmirdilər, kənardan təəssüf və yazıqlıq hissini də qəbul etmirdilər. Bu, onların uçmayan qanadlarını dözülməz yükə çevirə bilirdi.
Bu, o haldı ki, qəlblərə və ürəklərə yol tapan böyük mədəniyyətin yaradıcıları həyatda da səhnədəki dəyərlərini hifz edib saxlayırdılar...
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/xOTZYd4FwLk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">