Azərbaycanda 166 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, ölkənin digər böyük strateji su layihələrindən biri olan Qarabağ suvarma kanalının tikintisi üzrə hazırlıq işləri davam etdirilir: "Uzunluğu 172 kilometrdən çox olacaq kanal saniyədə 135 kubmetr suburaxma qabiliyyətinə malik olacaq və Qarabağ ilə Mərkəzi Aran zonasında yerləşən Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonlarının su təminatında keyfiyyətcə yeni mərhələ yaradacaq. Layihənin həyata keçirilməsi nəticəsində ümumilikdə 166 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq. Bununla yanaşı, Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağı əlavə su ilə qidalandırılacaq ki, bu da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında su təminatının sabitləşdirilməsinə mühüm töhfə verəcək.
2026-cı ilin sonlarında tikintisinə başlanılması nəzərdə tutulan layihə tamamlandıqdan sonra pambıqçılığın geniş inkişaf etdiyi Mərkəzi Aran və Mil-Muğan zonalarında su çatışmazlığı riskləri əhəmiyyətli dərəcədə azalacaq. Eyni zamanda, Boztəpə, Qızılarx, R-15, ÇTZ və Türyançay kanallarının yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılması nəticəsində pambıqçılıq baxımından xüsusi əhəmiyyət daşıyan İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Ağdaş, Ucar rayonlarının əkin sahələri dayanıqlı su mənbələri ilə təmin olunub".
Sədr əlavə edib ki, su təsərrüfatı layihələri kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır: "Son illər həyata keçirilmiş layihələr arasında Suqovuşan, Xaçınçay və Köndələnçay su anbarları komplekslərinin bərpası, həmçinin Tərtərçay Sol Sahil kanalının yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Həmin layihələr nəticəsində Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və Ağcabədi rayonlarında kənd təsərrüfatı təyinatlı torpaqların su təminatı yaxşılaşdırılıb, fermerlərin dayanıqlı su mənbələrinə çıxışı genişləndirilib. Xüsusilə Suqovuşan və Tərtərçay layihələri Qarabağ və Mərkəzi Aran bölgələrində kənd təsərrüfatı istehsalının bərpasına və inkişafına mühüm təkan verib".
"Hazırda icrası davam etdirilən Qız qalası su anbarından qidalanan magistral suvarma kanalının tikintisi layihəsi Cəbrayıl rayonunda 12 min hektar sahənin su təminatını təmin etməklə yanaşı, pambıqçılığın inkişaf etdiyi Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları daxil olmaqla ümumilikdə 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, Bərgüşadçay su anbarının yaradılması hesabına formalaşdırılacaq yeni su mənbəyi Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəlilabad və Masallı rayonlarının içməli və təsərrüfat məqsədli su təminatına mühüm töhfə verəcək. Sözügedən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Kür-Araz su sisteminin yükünün optimallaşdırılmasına, su ehtiyatlarının daha səmərəli idarə olunmasına və aşağı axında yerləşən rayonların su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir", - deyə Z.Mikayılov vurğulayıb.
Şərhlər